Ağasəlim Mircavadov: "Ronalduya çox fikir vermək lazım deyil"

Ağasəlim Mircavadov: "Ronalduya çox fikir vermək lazım deyil" "1994-cü ildən seçmə mərhələlərdə çıxış edirik. Hər zaman istəyirik ki, çox xal yığaq. Amma mən bunun tərəfdarı deyiləm. Əsas komanda oyunudur"
Futbol
24 Mart , 2021 14:07
Ağasəlim Mircavadov: Ronalduya çox fikir vermək lazım deyil

"1994-cü ildən seçmə mərhələlərdə çıxış edirik. Hər zaman istəyirik ki, çox xal yığaq. Amma mən bunun tərəfdarı deyiləm. Əsas komanda oyunudur".

Bu fikirləri "Report"a açıqlamasında AFFA Məşçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində bu gün Portuqaliyaya qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.

74 yaşlı mütəxəssis bildirib ki, rəqib nə qədər güclü olsa da, onlara qarşı oynamaq olar: "Bunun üçün ilk növbədə istək lazımdır. Futbolçular özlərinə qiymət verməlidirlər. Təbii, burada baş məşqçi amili də önəmlidir ki, komandanı psixoloji cəhətdən oyuna yaxşı hazırlasın. Bəli, Portuqaliya güclü komandadır. Amma nə qədər ağır olsa da, öz oyunumuzu göstərməliyik. İntizamlı oynamalı, sonadək mübarizə aparmalıyıq".

Mircavadov Portuqaliya millisinin də matça ciddi hazırlaşdığını söyləyib: "Fernandu Santuşun açıqlamasını oxudum. Onlar da xal itirmək istəmirlər. Çünki pandemiya dövründə bir çox yığma əvvəlki səviyyəsində olmaya bilər. Matçın İtaliyada keçirilməsindən də istifadə etməliyik".

Təcrübəli mütəxəssis yığmanın futbolçularına rəqibdən çəkinməməyi məsləhət görüb: "Artıq 10 günə yaxındır birlikdə hazırlıq keçirlər. Baş məşqçinin tapşırıqlarını yerinə yetirsinlər və məşqlərin nəticəsini göstərsinlər. 7 gündə 3 oyun keçiriıəcək. Avropada heç vaxt belə şey olmayıb. Amma bizim təqvimimiz yaxşıdır. Arada Qətərlə yoldaşlıq matçı olacaq və həmin görüşə ikinci heyətlə çıxa bilərik. Əsas heyət üzvlərinin istirahəti üçün vaxt qalacaq. Əlimizə yaxşı fürsət düşüb. Bundan maksimum istifadə etməliyik".

Mircavadovun sözlərinə görə, millinin şansa da ehtiyacı var: "Ümid edək ki, şans da bizim tərəfimizdə olacaq. Oyunu bütün Avropa izləyəcək. Bu, futbolçularımızın özlərini göstərməsi üçün də yaxşı imkandır. Ölkə xaricində oynamaq istəyənlər üçün gözəl fürsətdir".

Azərbaycan millisinin sabiq baş məşqçisi bildirib ki, oyun vaxtı bütün diqqəti Portuqaliya yığmasının lideri Kriştianu Ronalduya yönəltmək lazım deyil: "Düzdür, Ronaldu dahi futbolçudur. Amma yığmanın digər üzvləri də təhlükəli oyunçulardır. Milliyə hazır vəziyyətdə gəliblər. Bu, onlar üçün vacib qarşılaşmadır. Yalnız Ronaldunu düşünsək, problem ola bilər. Ona görə də bu futbolçuya çox fikir vermək lazım deyil. Heç vaxt hansısa ulduz futbolçunun zədələnməsini arzulamamışam. Onlar oynamalıdırlar ki, gənclər də nə isə öyrənsinlər".

Mircavadov Azərbaycan millisinin Bakıda Portuqaliya ilə 1:1 hesablı heç-heçə etdiyi AVRO-2000-nin seçmə mərhələ oyununu da xatırlayıb: "Həmin vaxt mən U-21 yığmasında işləyirdim. Əsas millinin baş məşqçisi Əhməd Ələsgərov matçdan öncə dedi ki, U-21-in hücumçusu Zaur Tağızadəni Portuqaliyaya qarşı görüşdə oynadacağam. Zaurla danışanda bildirdim ki, sürətlisən, öz oyununu oyna. Tağızadə həmin matçı ideal keçirdi, hətta qol da vurdu. Rəqibin həmin heyətində bir neçə ulduz oyunçu var idi. Komanda ilk növbədə psixoloji duruma hazır olmaldır".

Qeyd edək ki, İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi