Ağabala Ramazanov: "Uduzmağı bacarmayan futbolçuyam"

Ağabala Ramazanov: "Uduzmağı bacarmayan futbolçuyam" "Səbail"lə bağlı hər zaman müsbət fikirdə olmuşam. Çünki burada çox gözəl günlər yaşamışam. Karyeramın ən yaxşı dönəmlərindən biri idi".
Futbol
4 İyul , 2022 18:53
Ağabala Ramazanov: Uduzmağı bacarmayan futbolçuyam

"Səbail"lə bağlı hər zaman müsbət fikirdə olmuşam. Çünki burada çox gözəl günlər yaşamışam. Karyeramın ən yaxşı dönəmlərindən biri idi".

"Report"un məlumatına görə, bunu "Səbail"in yeni transferi Ağabala Ramazanov klubun rəsmi saytına müsahibəsində deyib.

29 yaşlı hücumçu bildirib ki, "dənizçilər"lə məzmunlu oyunları olub: "Burada yaxşı qollar vurmuşam. İndi də komandam üçün əlimdən gələni etmək üçün səbirsizlənirəm".

Emosionallığı ilə fərqlənən təcrübəli oyunçu uduzmağı bacarmadığını söyləyib: "Uşaqlığımdan bəri hər zaman çalışmışam ki, hər zaman ilk pillələrdə olum. Qələbə qazanmaq üçün bütün gücümü ortaya qoyacağam. Hansı komanda yoldaşım yaxşı vəziyyətdədirsə, onun qol vurmasını daha çox istəmişəm. Qol olanda sevinmişəm, olmayanda da bir anlıq əsəbləşmişəm. Çalışıram ki, komandam bütün gücümü ortaya qoyum. Çılğınlıq bundan qaynaqlanır".

"Səbail"in tarixində ən məhsuldar futbolçu olan Ramzanov rekordu yeniləmək istədiyini gizlətməyib: "14 qol elə də çox deyil. Çalışacağam ki, rəqəm daha da artsın. 2 illik müqavilə imzalamışam. Bu müddətdə də ən yaxşısını etmək niyyətindəyəm. Lider olaraq qalmaq istəyirəm".

O, komandadakı ab-havaya da toxunub: "Heyətdə yeni simalar var. Hazırda ab-hava çox yüksək səviyyədədir. “Səbail” ailəsinə yeni qoşulan legionerlər qısa zamanda komandaya uyğunlaşıblar. Biz təcrübəli futbolçuların üzərinə düşən vəzifə həm gənclərə, həm də legionerlərimizə xoş münasibət göstərib, komandamızın uğurları üçün çalışmağı öyrətməkdir. Ünsiyyətimizin yüksək səviyyədə olması üçün əlimizdən gələni edəcəyik. Hamımız bir yumruq olub, komandamızın uğurları üçün vuruşacağıq. Perspektivli gənclərimiz var. Onlarla birlikdə uğur qazanmağa çalışacağıq".

Forvard komandanın kapitanı Rahid Əmirquliyevlə münasibətindən də söz açıb: "Onunla həm meydanda, həm də kənarda dostuq. İlk dəfə 10 il öncə birlikdə “Xəzər Lənkəran”da çıxış etmişik. Bir-birimizi uzun müddətdir tanıyırıq. Futbol başqadır, dostluğumuz isə bir başqadır. Eyni vaxtda müqavilə bağlamağımız isə tamamilə təsadüfdür".

Ramazanov azarkeşlərin ondan çox şey gözlədiyini vurğulayıb: "Mən də onları sevindirmək üçün əvvəlkindən də çox çalışacağam. Müqavilə bağladığım andan üzərimə düşən yükü yaxşı başa düşürəm. Onlar həm məndən, həm də komandadan daha çox qollar tələb edir. Məndən gözləntiləri isə böyükdür. Buraya gəldiyim gündən bu məsuliyyəti üzərimdə hiss edirəm. Azarkeşlər üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam".

Son xəbərlər

Orphus sistemi