Bakı. 15 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Təhsil Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. "Report"un milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, memorandumu baş katib Elxan Məmmədovla nazir müavini, AFFA İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov imzalayıb.
Məqsəd tərəflər arasında 2016 - 2020-ci illər üzrə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək, uşaq və gəncləri sağlam həyat tərzinə cəlb etmək, onların asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli mühit yaratmaq, gənclərin fiziki, əqli, sosial və mənəvi inkişafı üçün əngəl törədən zərərli vərdişlərdən çəkindirmək, ölkənin futbol üzrə milli və olimpiya yığma komandalarına ehtiyat idman qüvvələri hazırlamaq, habelə, bir idman növü kimi futbolun inkişaf etdirilməsi, onun keyfiyyətinin və kütləviliyinin artırılmasından ibarətdir.
İmzalanma mərasimdə Təhsil Nazirliyinin, AFFA-nın rəsmi şəxsləri, uşaq-gənclər futbol məktəblərinin direktorları iştirak edibər.


