AFFA rəsmisi: Təqdim olunan materiallar arasında Mbappe və digər ulduzların paylaşımları da var idi

AFFA rəsmisi: Təqdim olunan materiallar arasında Mbappe və digər ulduzların paylaşımları da var idi Bəzi stadionlar elə coğrafi mövqedə yerləşir ki, eyni anda bir neçə min adam daxil olmaq istəsə, böyük sıxıntı olar. Yəni kiçik problem yaransa, əhali bir-birini tapdalayıb öldürə bilər.
Futbol
16 Sentyabr , 2024 17:10
AFFA rəsmisi: Təqdim olunan materiallar arasında Mbappe və digər ulduzların paylaşımları da var idi

Təqdim olunan materiallar arasında Kilian Mbappe və digər ulduzların sosial şəbəkələrdə hakimlər, həmçinin oyunlarla bağlı paylaşımları da var idi.

Bunu “Report”a açıqlamasında AFFA rəsmisi – beynəlxalq oyunlarda təhlükəsizlik üzrə baş mütəxəssis Elnur İbişov iştirak etdiyi UEFA-ya üzv ölkələrin təhlükəsizlik xidmətinin əməkdaşları üçün seminarla bağlı danışarkən deyib.

O, təhlükəsizlik qaydalarında yenilik və dəyişikliklərlə bağlı sualı cavablandırıb:

“Təhlükəsizliklə bağlı qaydalarda dəyişiklik yoxdur. Almaniyada keçirilən Avropa çempionatında, həmçinin UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında baş verən təhlükəszilik pozuntuları ilə bağlı müzakirələr aparıldı. Pirotexniki vasitələrdən istifadə, kənar şəxslərin stadionlara girişi, sosial şəbəkədə neqativ şüarların paylaşımı və sair pozuntu halları ilə bağlı videofraqmentlər təqdim edildi. Təqdim olunan materiallar arasında Kilian Mbappenin və digər ulduzların sosial şəbəkələrdə hakimlər, həmçinin oyunlarla bağlı paylaşımları da var idi. Hansı ki, bu, sonradan problemlərə gətirib çıxarır və növbəti oyunlarda münaqişələr yaranır”.

AFFA-nın təhlükəsizlik əməkdaşı müzakirə mövzusu olan başqa məsələlərə toxunub:

“Bundan əlavə, Almaniyada keçirilən Avropa çempionatında stüardların işləri, giriş zonalarındakı sıxlıq nümayiş etdirildi. Bəzi stadionlar elə coğrafi mövqedə yerləşir ki, eyni anda bir neçə min adam daxil olmaq istəsə, böyük sıxıntı olar. Yəni kiçik problem yaransa, insanlar bir-birini tapdalayıb öldürə bilər. Bu məqsədlə təhlükəsizlik elə təşkil olunmalıdır ki, problem yaranmasın. Avropa çempionatında Portuqliyanın oyunlarının birində azarkeş meydana daxil olub Kriştianu Ronaldu ilə şəkil çəkdirmişdi. Sonradan onun sosial şəbəkə hesabları araşdırılmış və çox varlı şəxs olduğu üzə çıxmışdı. Həmin şəxs statusunda “hər şeyi pul həll edir” ifadəsini yazmışdı. Yəni həmin anda stüarda pul verib meydana daxil olmuşdu”.

Mütəxəssis Avropada stüardların yaşlı olmasının problemlərə yol açdığını vurğulayıb:

“Avropada 60-70 yaşlı insanları stüard kimi fəaliyyət göstərməyə cəlb edirlər. Üstəlik, stadionda stüardların arasında 10 metr məsafə olur və kimsə meydana tullananda onun qarşısını ala bilmirlər. Təhlükəsizliklə bağlı başqa materiallar da təqdim olunmuşdu. Hadisə baş verdikdən sonra ona müdaxilə etmək asandır. Vacib olan isə baş verə biləcək hadisənin qarşısını almaqdır”.

O, Azərbaycan çempionatında oyun zamanı nə spirtli içkilərin, nə də pirotexniki vasitələrin satışına icazə olduğunu bildirib:

“Azərbaycan qanunvericiliyinə görə kütləvi idman tədbirləri zamanı pirotexniki vasitələrdən istifadə qadağandır. Həmçinin çox içkili vəziyyətdə arenaya girişə icazə verilmir. Amma xaricdə fərqlidir. Əsasən də pivə satışına icazə verilir. Ancaq içkilər plastik qablarda satılır ki, azarkeşlər bundan soyuq silah kimi istifadə edə bilməsinlər. Xaricdə də pirotexniki vasitələrin istifadəsinə icazə yoxdur. Əvvəllər İngiltərədə və başqa ölkələrdə bununla bağlı xeyli problemlər yaşanıb, insanlar ölüb”.

AFFA-nın əməkdaşı Azərbaycanı layiqli şəkildə təmsil etdiyini bildirib:

“Seminarda elə insanlar var ki, müəyyən məsələlərdən xəbərsizdirlər. Mən uzun müddətdir futbolun içindəyəm. “Neftçi”nin, “Sumqayıt”ın, “Qarabağ”ın oyunlarında iştirak etmişəm. Seminarda federasiya rəsmilərindən əlavə, UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edən klubların təhlükəsizlik rəisləri də var idi. Belarus Futbol Federasiyasının baş katibi məni müzakirələrə dəvət etmişdi. Buna səbəb “Dinamo”nun (Minsk) Sumqayıtda keçirəcəyi beynəlxalq oyunlar idi. Sumqayıtdakı stadionun xəritəsini onlara təqdim etdim. UEFA nümayəndəsinə də stadionun giriş və çıxışları ilə bağlı lazım olan inormasiyaları verdim. Bir sözlə, seminarda Azərbaycanı layiqli şəkildə təmsil etdim”.

Son xəbərlər

Orphus sistemi