AFFA-nın yeni baş katibi: "Əsas məqsəd layihələrin davamiyyətini təmin etməkdir"

AFFA-nın yeni baş katibi: "Əsas məqsəd layihələrin davamiyyətini təmin etməkdir" AFFA-nın yeni təyin olunan baş katibi Sərxan Hacıyevin "Report"a müsahibəsi
Futbol
11 Aprel , 2022 13:40
AFFA-nın yeni baş katibi: Əsas məqsəd layihələrin davamiyyətini təmin etməkdir
Sərxan Hacıyev

AFFA-nın yeni təyin olunan baş katibi Sərxan Hacıyevin "Report"a müsahibəsi

- AFFA İcraiyyə Komitəsinin (İK) qərarı ilə baş katib təyin olundunuz. Bu barədə nə deyə bilərsiniz?

- Bu, mənə göstərilmiş böyük etimaddır. Baş katib vəzifəsi çox məsuliyyətli işdir. Fürsətdən istifadə edərək, İK üzvlərinin hər birinə minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.

- Baş katib kimi qarşınıza hansı məqsədlər qoyulub?

- Əsas məqsəd hazırda AFFA-nın futbolun inkişafına dair apardığı bütün layihələrin davamiyyətini təmin etməkdir. Burada futbolun bütün sahələri əhatə olunub. Futbol, futzal, qadın futbolu, çimərlik futbolu, əlillər futbolu və həvəskarlar futbolu. Milli assosiasiya bu istiqamətlərdə müxtəlif layihələr və çempionatlar keçirir. Uşaq və gənclər arasında yarışlar, həvəskarlar arasında Region Liqası təşkil olunur. Qadın futbolu ilə bağlı müəyyən liqalar və layihələr gerçəkləşib. Çimərlik futbolu və futzal yarışları da təşkil olunur. Bu yöndə aparılan layiləhlərin davamiyyətini təmin etmək qarşımıza qoyulan əsas məqsəddir.

- Yeni vəzifədə milli ilə ilk səfəriniz Maltaya olub. Yığma buradakı yoldaşlıq görüşlərində yerli komanda və Latviyaya da uduzub. Məğlubiyyətlərin əsas səbəbini nədə görürsünüz?
- Təəssüf ki, komandamız martın sonlarında hər iki oyunda məğlub oldu. Yoldaşlıq matçı statusu olmasına baxmayaraq, yığmamız bu cür komandalara qarşı ancaq qələbə fikri ilə meydana çıxmalı və yalnız qələbəyə oynamalıdır. Qalib gəlməli idik, alınmadı. Səbəb kimi onu qeyd edə bilərəm ki, bu, yoldaşlıq oyunlarıdır. Burada əsas məqsəd optimal heyəti formalaşdırmaqdır. Bizi qarşıda UEFA Millətlər Liqası gözləyir. Həmin yarışa hazırlıq məqsədilə baş məşqçi və məşqçilər korpusu üçün fürsət yaranır ki, oyun üslubunu formalaşdırsınlar. Mütəxəssislər məhz yoldaşlıq görüşlərində bu yöndə işləyirlər.

- Milli komandanın UEFA Millətlər Liqasındakı şanslarını necə görürsünüz?
- Müasir futbolda artıq münasib rəqib anlayışı yoxdur. Belə olan təqdirdə və yarışın rəsmi turnir olduğunu nəzərə alaraq, burada komandaların kimliyindən, FIFA-nın reytinq cədvəlindəki mövqeyindən asılı olmayaraq, komandamız hər oyuna yalnız qələbə fikri və əzmi ilə çıxmalıdır. İnanırıq ki, belə də olacaq və rəqibin kimliyinə rəğmən, milli qələbə üçün mübarizə aparacaq. Ümid edirəm ki, hər birimizi qələbələrlə sevindirəcəklər.

- Yığmanın baş məşqçisi Canni De Byazinin komanda haqqında sonuncu açıqlaması birmənalı qarşılanmayıb. Bu barədə nə deyə bilərsiniz?
- Burada əsas məsələ interpretasiya ilə bağlıdır. Baş məşqçi həmin müsahibəni İtaliya Kütləvi İnformasiya Vasitələrindən birinə verib. Sonradan həmin açıqlama tərcümə edilib. Əsas məsələ tərcümə edildikdə fikirlərin hansı yöndə interpretasiya olunmasıdır. Bu məsələdə onu da qeyd etmək istərdim ki, burada De Byazinin sonradan verdiyi açıqlama əsas götürülməlidir. Məsələ gündəmə çıxanda və müzakirə mövzusu olanda baş məşqçi açıqlama verərək, fikirlərinin hansı yöndə ifadə etdiyini bildirdi. Məncə, əsas diqqəti həmin açıqlamaya yönəltmək lazımdır. Çünki italyan dilində tərcümədə interpretasiya məsələsi xüsusi rol oynayır.

- Baş məşqçinin oyun sistemi də tənqid olunur. Yığma hər oyuna fərqli sistemlə çıxsa da, De Byazi yekunda futbolçuları günahlandırır. Baş katib olaraq, onun bu yanaşmasını qəbul edirsinizmi?
- Hesab edirəm ki, onun oyun sistemi ilə bağlı hər hansı fikir söyləmək baş katibin səlahiyyət çərçivələrindən kənara çıxması kimi qiymətləndirilə bilər. Onu da qeyd edim ki, mən baş katib olaraq bunu belə qiymətləndirirəm. Sırf meydanda baş verənlərə cavabdeh şəxs baş məşqçi və məşqçilər korpusudur. Məncə, bu yöndə suallar birbaşa onlara yönəldilsə, daha məqsədəuyğun olar.

- AFFA rəhbərliyi ilə Şamaxıya səfər etdiniz. 30 ildən sonra Şamaxıdakı ilk çempionat oyunu barədə nə deyə bilərsiniz?
- Bu səfər xoş hiss və təəssüratlarla yadda qaldı. Həmin gün stadionda futbol bayramı ab-havası var idi. Şamaxı şəhər stadionundakı hər bir şəxs bunun şahidi oldu. Sevindirici hal odur ki, "Şamaxı"nın eyniadlı şəhərdə ilk oyunu olmasına baxmayaraq, azakeşlər bu kollektivi doğma komanda kimi qəbul etdilər və son saniyəyədək dəstəklədilər. Bu, sevindirici haldır. Qarşılaşma da maraqlı məcrada keçdi və oyunda 3 qol vuruldu. Uduzmasına baxmayaraq, "Şamaxı"nı növbəti görüşlərdə də fanatlar dəstəkləyəcəklər. Onu da əlavə edim ki, bu matç gələcəkdə region komandaları sayının artırılmasına ehtiyac duyulduğunu göstərdi. Bu yöndə AFFA-nın, rəhbərliyin apardığı strategiya davam etdirilməlidir.

- Premyer Liqaya "Kəpəz" və "Turan Tovuz" əsas namizəd hesab edilir. Bunlardan başqa hansısa komandanın vəsiqə qazanması realdırmı?
- Hər lisenziyalaşdırma mövsümündən əvvəl klublarla iclas keçirilir. Bu, lisenziyalaşdırma mövsümünün açılması da adlanır. Fors-major hal olmasa, bu toplantı oktyabrda baş tutur. Həmin iclasdan bir həftə sonra Premyer Liqada çıxış edən klublar həm avrokuboklar, həm də Premyer Liqa lisenziyası, I Divion təmsilçiləri isə Premyer Liqa üçün müraciət edə bilərlər. Lisenziyalaşdırmanın bu mövsümündə I Diviziondan bir sıra klub Premyer Liqa lisenziyası üçün müraciət edib. Ondan sonrakı mərhələdə müəyyən sənədlərin və zəmanətlərin təqdim olunma proseduru start götürür. Bu prosedur başlayandan sonra hazırda görünən ümumi mənzərə belədir ki, "Kəpəz" və "Turan Tovuz" daha real hesab edilən namizədlərin arasındadır. Bu iki klubun adının hallanması məhz bununla bağlıdır.

- Ümumilikdə I Diviziondan neçə klub Premyer Liqa lisenziyası üçün müraciət edib?

- Bir neçə klub müraciət edib. Lakin ondan sonrakı mərhələdə sırf detallı şəkildə sənədlərin və zəmanətlərin təqdim olunmasına gəldikdə, məhz "Turan Tovuz" və "Kəpəz" əsas namizəd hesab edilir. Lakin bu, hələ son deyil. Çünki yekun qərarı Lisenziyalaşdırma Komissiyası verəcək. Lisenziyalaşdırma prosedurunda bəzi məsələləri nəzərə alaraq bu mövzuda əlavə açıqlama vermək hazırda mümkün deyil. Bir müdddətdən sonra bu məsələ ilə bağlı daha dəqiq və detallı açıqlama vermək mümkündür.

Son xəbərlər

Orphus sistemi