Bakı. 13 dekabr. REPORT.AZ/ AFFA-nın təşkil etdiyi “Region Liqası”nda ən gənc futbolçu debüt edib.
“Report”un məlumatına görə, bu, Qusar təmsilçisi “Şirvanovka”nın oyunçusu Elvin Məmmədovdur. O, paytaxt zonasının sonuncu - VIII turunda komandasının Bakının “Tufan” kollektivini 5:0 hesabı ilə məğlub etdiyi matçın 74-cü dəqiqəsində meydana çıxmaqla 14 yaş 261 günlüyündə tarixə düşüb.
Maraqlıdır ki, “Region Liqası”nın ən yaşlı oyunçusu da “Şirvanovka”nın formasını geyinir. Karyerası ərzində “Şahdağ”, “Turan”, “Kimyaçı”, “Şahdağ-Samur”, eləcə də Rusiyanın “Dinamo” (Mahaçqala), “Lokomotiv-Taym”, “Ratmir”, “Volqa” (Tver), “Tekstilşik” və “Leki” komandalarında çıxış etmiş Kamran Nurəhmədov hazırda Qusar təmsilçisinin heyətində yer alıb.
Veteran hücumçu “Şirvanovka”nın oktyabrın 21-də III tur çərçivəsində “Gənclik İK” ilə 2:2 hesablı heç-heçə etdiyi oyunun 75-ci dəqiqəsində meydana girib və 51 yaş 289 günlüyündə rekorda imza atıb.
Qeyd edək ki, Kamran Nurəhmədovun oğulları - 2012-ci il oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsində İtaliya “İnter”i ilə ev oyununda “Neftçi”nin start heyətində yer almış Kamil Nurəhmədov və “Xəzər Lənkəran”, AZAL və “Şahdağ”da çıxış etmiş Habil Nurəhmədov da hazırda “Şirvanovka”da çıxış edirlər.