"Rəsmi işi, klubla müqaviləsi olmayan şəxsə necə 15 oyun stadiona girməmə cəzası verə bilərlər? Mənim "Səbail"lə hələ müqaviləm yoxdur. Bu, onların zəifliyidir ki, mənim orada işləyib-işləməməyimlə maraqlanmayıblar".
Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ramal Hüseynov AFFA İntizam Komitəsinin (İK) onun stadiona girişinə 15 oyunluq qadağa qoymasına münasibət bildirərkən deyib.
Veteran yarımmüdafiəçi bildirib ki, İK-in verdiyi cəza onun üçün maraqlı deyil: "Mənə Allah cəza verməsin. Bunlar kimdir ki? Neçə oyun istəyirlər, cəzalandırsınlar. Sadəcə, sözüm İK-ədir ki, araşdırın görün, mən orada işləyirəm, ya yox, ondan sonra cəza verin. Futbol oynadığım vaxtlarda da belə cəzaları çox görmüşəm. Maraqlıdır, onların özləri futbolu bilirlər?"
Hüseynovun sözlərinə görə, həmin vaxt stadiona oyuna baxmaq üçün gedib: "Baş hakim penalti verdiyi üçün əsəbiləşdim. Ona dedim ki, niyə uşaqların haqqını yerir, onların əziyyətini yerə vurursan? Hədə-qorxu nədir? Mən hədə-qorxu gəlmirəm, birbaşa içəridə sözümü deyib çıxıram. Allahdan başqa heç kimdən çəkinəcəyim yoxdur. Uşaqlar meydanda əziyyət çəkir, axı. Yan xətt hakimi deyir ki, qayda pozuntusu yoxdur, referi penalti verir. Sonra da qərarı ləğv edir. Buna Ramal Hüseynov nə etsin? Mən təhqiri sevmirəm. Sadəcə, özlərinə hörmət qoysunlar".
O, qərardan apellyasiya şikayəti verməyəcəyini vurğulayıb: "Bunlar mənim işim deyil. Elə şeyləri onlar yaxşı bacarır".
Keçmiş futbolçu "Səbail"lə yaxın günlərdə müqavilə bağlayacağını söyləyib: "Akademiyada seleksiyaçı-məşqçi olacağam".
"Səbail"in mətbuat katibi Mehriban Mürsəlova da "Report"a açıqlamasında hələ Ramal Hüseynovla müqavilə bağlamadıqlarını təsdiqləyib.
Qeyd edək ki, Ramal Hüseynov 2001-ci ildə yığmanın formasını geyinib. O, müxtəlif vaxtlarda "Qarabağ", "Neftçi", "Turan", "Kəpəz" klublarının, həmçinin Türkiyədə "Kocaelispor"un şərəfini qoruyub.