"Avrokubok matçına çıxacağımız üçün həyəcanlıyıq. Güclü rəqiblə qarşılaşacağıq. "Qarabağ" Avropada öz sözünü demiş komandadır. Avrokuboklarda 2 mərhələ olduğu üçün ilk görüş unudulub. İkinci oyuna köklənmişik".
"Report"un məlumatına görə, bunu Kiprin AEL klubunun baş məşqçisi Duşan Kerkez Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis meydanda yaxşı mübarizə aparacaqlarını bildirib: "Hədəfimiz növbəti mərhələyə çıxmaqdır. Sabah çoxsaylı azarkeş qarşısında oynayacağıq. Bizim üçün yaxşı motivasiyadır. İlk görüşdə açıq oyun getdi. Bu da UEFA-nın səfər qolu qaydasını ləğv etməsi ilə bağlıdır. Ümid edirəm ki, sabah da bu cür qarşılaşmanın şahidi olacağıq".
O, son illər Azərbaycan klublarının Kiprdə keçirdiyi matçlarda tez-tez qalmaqal yaşanmasına da toxunub: "Özüm əslən Yuqoslaviyadanam. Belə hadisələrin şahidi olmuşam. Artıq 2021-ci ildir. Futbolda belə şeylərə yer yoxdur. Biz daha çox futbol haqqında düşünmək istəyirik. Yunanıstan futbolunu yaxından izlədiyim üçün türk və yunan komandaları arasındakı hadisələrdən də xəbərim var. Amma dediyim kimi, əsas fikrimiz futbolda olmalıdır".
Kerkez "Qarabağ" azarkeşlərinin mümkün aqressivliyinin onlara təsir etməyəcəyini vurğulayıb: "Oyunçularımız təcrübəlidir. Daha ağır şərtlər altında oynamışıq. Ona görə də narahat deyilik. Hələ püşkdən sonra çox adam "Qarabağ"ı şanslı sayırdı. Amma ilk matçdan sonra bizim də mərhələ adlamaq üçün imkanımız olduğunu gördülər. Əlimizdən gələni edəcəyik. Tamamilə sabahkı matça köklənmişik".
Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - AEL matçı saat 20:00-da başlayacaq. Kiprdəki ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.