Bakı. 15 oktyabr. REPORT.AZ/ “Zirə” klubunun rumıniyalı futbolçusu Adrian Skarlatakenin "Report"a müsahibəsi...
"Azərbaycanda özümü xoşbəxt hiss edirəm"
- Uzun müddətdir Azərbaycanda yaşayır və burada futbol oynayırsınız. Bu ölkədə sizi cəlb edən xüsusi səbəblər varmı?
- Bəli, üst-üstə, təxminən, 7,5 ildir buradayam. Birinci dəfə 2011-ci ildə Azərbaycana gələndə “Xəzər Lənkəran”da oynamışam. Həmin vaxt Azərbaycan haqda çox məlumatım yox idi, Mirça Rednik “Xəzər Lənkəran”da baş məşqçi kimi çalışırdı. O, zəng etdi və məni Lənkəranda görmək istədiyini bildirdi. Mən də razılıq verdim. Çünki 2007-ci ildə Redniklə Buxarest “Dinamo"sunda Rumıniya çempionluğu yaşamışam. O vaxtlar hələ gənc idim. Azərbaycanda özümü xoşbəxt hiss edirəm və bu səbəbdən, uzun müddətdir buradayam.
- Bura ilk gəlişinizdə Azərbaycan haqqında haradan məlumat topladınız?
- Gəlməmişdən qabaq Rednik Azərbaycan barədə çox şey danışdı. Bundan başqa dostum Marian Aliuta “Neftçi”də oynayıb. Aliuta mənə “Neftçi”nin Azərbaycanda bir nömrəli klub olduğunu dedi. O, çox yaxşı oyunçu idi.
- Bakıda ailənizlə bərabər qalırsınız?
- Bəli, mən həyat yoldaşımla yaşayıram. O, hamilədir və bir ay sonra Bakıda körpəmiz doğulacaq.
- Azərbaycanda birdəfəlik yaşamaq istərdinizmi?
- İndiki durumuma əsasən bu, çətindir. Çünki hazırda həyat yoldaşımdan başqa ailəmizin digər üzvləri Rumıniyadadır. Lakin bir ay sonra oğlum dünyaya gələcək. Ola bilsin, onun Azərbaycan vətəndaşlığı olsun. Müqaviləm bitdikdən sonra da bura mütləq səfər edəcəyəm. Çünki Azərbaycanda çoxlu dostlarım və komanda yoldaşlarım var.
"Pomidor-yumurta və lülə-kabab çox dadlı olur"
- Gündəlik həyatda hər hansı çətinliklə üzləşirsiniz?
- Xeyr, artıq neçə ildir Bakıda yaşayıram, Azərbaycan dilini başa düşürəm. Doğrusu, Rumıniya latın ölkəsi olduğundan, bu dildə danışmaq mənə çətin gəlir. İtalyan, ispan, portuqal, ingilis və azacıq fransız dilini bilirəm. Bunlar mənim üçün rahatdır. Lakin rus, türk və Azərbaycan dilləri qismən çətindir. Buna baxmayaraq, azərbaycanca azacıq danışa bilirəm.
- Rumıniyaya tez-tez səfər edirsinizmi?
- Hər tətildə gedirəm. Adətən, qış fasiləsində və yayda mövsümöncəsi hazırlıqlara kimi Rumıniyada oluram. Bəzən başqa vaxt da gedirəm. Demək olar ki, ildə 3-4 dəfə Rumıniyaya səfər edirəm.
- Yəqin ki, Bakıda və Azərbaycanın digər bölgələrində bir neçə dostunuz var. Onlarla tez-tez görüşə bilirsiniz?
- Əlbəttə, mənim Bakıda, Lənkəranda azərbaycanlı dostlarım var. Onlarla Bakıda görüşürük. Hətta burada yaşayan bir neçə rumıniyalı dostum da var ki, onlarla da tez-tez bir araya gəlirik. Mən və həmçinin ailəm İçəri Şəhəri çox bəyənirik. Bir neçə dəfə ailəm və dostlarımla oranı ziyarət etmişəm. Bundan başqa burada milli yeməklər çox dadlı olur. Boş vaxtımız olanda ailəmlə birgə bu yeməklərdən dadmaq üçün İçəri Şəhərdə balaca kafelərdə əyləşirik. Xüsusən, pomidor-yumurta və lülə-kabab çox dadlı olur.
"Real Madrid"ə azarkeşlik edirəm"
- Futbolda idealınız varmı?
- Xeyr, elə biri yoxdur. Sadəcə, "Real Madrid"ə azarkeşlik edirəm.
- Bəs George Haci?
- Haci hazırda Rumıniyanın ən yaxşı məşqçilərindən biridir. Keçmişdə isə fantastik oyunçu olub. Bir neçə dəfə onunla əlaqə saxlamışam. Bir müddət əvvəl Haci mənə zəng etdi və Sezar Meza Kollini baş məqçilik etdiyi “Viitorul” klubuna gətirmək istədiyini bildirdi. Lakin sonradan bu transfer baş tutmadı.
- İlk klubunuz Buxarest "Dinamo"sunun karyeranıza təsiri hansı dərəcədə olub?
- Bəli, “Dinamo"nun karyeramda önəmi çox böyükdür. Çünki gənc yaşımda bu klubun heyətində çempionluq qazanmış, kuboklar əldə etmiş və avrokuboklarda çıxış etmişəm. Ümid edirəm ki, bir gün bu kluba məşqçi kimi qayıdacağam.
"Rednik hər dəfə məndən "Xəzər Lənkəran"ı soruşur"
- Karyeranızın çox böyük hissəsi “Xəzər Lənkəran”la bağlıdır. Bu klub və fanatları barədə nə demək istərdiniz?
- “Xəzər Lənkəran”da 4,5 il oynamışam və orada çox xoşbəxt idim. Azarkeşlər məni sevirdilər. Lakin müəyyən səbəblərdən klub fəaliyyətini dayandırdı. Klubun prezidenti ilə çox yaxşı münasibətim var idi. Təəssüf ki, hazırda onunla əlaqəm yoxdur. “Xəzər Lənkəran”ın çox yaxşı stadionu və azarkeşləri var idi. Lənkəran fanatları Azərbaycanda bir nömrəli azarkeş qrupudur. Bakıda “Neftçi” ilə qarşılaşmalarda çoxlu sayda fanat bizi dəstəkləməyə gəlirdi. Hətta Rednik də mənimlə telefonda danışarkən həmişə “Xəzər Lənkəran”ın durumunu soruşur. Mən isə hələ ki vəziyyətin eyni olduğunu deyirəm. Bəlkə də gələcəkdə AFFA və ya digər sponsorlar klubun yenidən Premyer Liqaya qayıtmasına kömək edə bilər. Ümid edirəm ki, nə vaxtsa klub fəaliyyətini bərpa edəcək.
- “Zirə”nin hazırki vəziyyətini necə dəyərləndirərdiniz?
- Hazırki vəziyyətimiz elə də ürəkaçan deyil. Lakin yeni baş məşqçimiz, yeni oyun üslubumuz var. Həmçinin, bir sıra yeni oyunçulara ehtiyacımız var. Çünki heyətimizdə elə də çox futbolçu yoxdur. O cümlədən, güclü oyunçularımızdan Vüqar Mustafayev zədəlidir ki, bu da oyunumuza təsir göstərir. Lakin hələ Premyer Liqada 6 oyun keçirmişik və qarşıda çox oyunumuz olacaq. Samir Abasov çox yaxşı baş məşqçidir və keçən il “Sumqayıt”da çox yaxşı işlər görüb. O, öz taktikasını aşılamağa çalışır. Lakin bizə zaman lazımdır. Əminəm ki, yanvarda Antalya toplanışından sonra biz daha güclü komanda kimi geri dönəcəyik.
"Karyeramı bitirdikdən sonra məşqçi olmaq istəyirəm"
- Artıq 32 yaşınız var. Karyeranızı bitirmək haqda düşünürsünüz?
- Xeyr, belə bir fikrim olmayıb. Özümü çox yaxşı hiss edirəm və bu cür davam etdikcə karyeramı bitirmək barədə düşünməyəcəyəm. Bu ritmi nə vaxt itirsəm, futboldan getməyə qərar verəcəyəm. Elə futbolçular tanıyıram ki, 34-35 yaşlarında yaxşı oyun göstərməsələr də, karyeralarını davam etdirirlər. Fikrimcə, bu, həm futbolçunun karyerasına, həm də imicinə mənfi təsir göstərir. Özüm isə daha 3-4 il futbol oynamaq istəyirəm.
- Karyeranızı bitirdikdən sonra nə işlə məşğul olmaq istərdiniz?
- Məşqçi olmaq istərdim. Buna görə də boş vaxtlarımda oyunlara çox, özü də məşqçi gözü ilə baxıram. Mən Con Toşak, Mustafa Denizli, Mirça Rednik, o cümlədən, Valter Zenqa kimi bir sıra yaxşı məşqçilərlə işləmişəm. Hazırda da Samir Abbasovla birgə çalışıram. O, gənc olmasına baxmayaraq, çox yaxşı baş məşqçidir. Əlbəttə, bu kimi məşqçilərin hamısından çox şey öyrənmişəm və öyrənməyə də davam edirəm.
- Hansı klubda baş məşqçilik etməyi düşünürsünüz?
- Buxarest “Dinamo"sunda baş məşqçi olmaq istərdim. Çünki “Dinamo” ilk klubum olub.
- Azarkeşlik etdiyiniz "Real Madrid"də necə?
- Əlbəttə, bu və ümumiyyətlə, heç nə mümkünsüz deyil. Hərçənd, çox çətin görünür. Bilmək olmaz, “Real Madrid” olmasa belə, Rumıniyada, həmçinin Azərbaycanda da işləyə bilərəm. Bəlkə də bu, 6-7 il sonra baş verə bilər. Niyə də olmasın? Lakin ilk olaraq, 1-2 il ərzində köməkçi-məşqçi kimi çalışmaq istəyirəm. Çünki birdən-birə baş məşqçi olmaq elə də asan deyil və mən hələ çox gəncəm. Bir müddət ikinci məşqçi işlədikdən sonra baş məşqçi kimi karyeramı davam etdirməyi düşünürəm.
Həmid HƏMİDOV