Bakı. 5 mart. REPORT.AZ/ ABŞ milli komandasının və "Orlando Prayd" klubunun qadın futbolçusu Sidni Leru hamilə olduğu halda məşqlərə qatılır.
"Report" "Sport Mediaset"ə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu hamiləliyinin 6-cı ayında məşq edir.
O, uşaq üçün istənilən təhlükədən və fiziki təmasdan qaçdığını bildirib. Leru çox intensiv məşq etmədiyini və yalnız topla işlədiyini söyləyib: "Bədənimlə nələr edə biləcəyimi məndən yaxşı kim bilər? Hamiləliyin altıncı ayında məşq edəcəyimi düşünmürdüm, amma belə alındı".
Qeyd edək ki, Sidni Leru ABŞ millisinin əsas futbolçularından hesab olunur. O, 2015-ci ildə yığma ilə dünya çempionatının qalibi olub. Leru "Orlando Siti" komandasının futbolçusu Dom Duayerin həyat yoldaşıdır.