Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün ən yaxşı futbolçusu seçilən "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir bu ada layiq görülməsinə münasibət bildirib.
Mərakeş əsilli fransalı oyunçu "Report"a açıqlamasında fərdi mükafat qazanmasından məmnunluğunu söyləyib.
29 yaşlı futbolçu ona bu etimadı göstərənlərin hamısına təşəkkür edib: "Bu xəbəri eşidəndə sözlə ifadəsi mümkün olmayan hisslər keçirdim. Doğrudan, çox sevindim. Çempionatın ən yaxşısı seçilmək, bu mükafatı qazanmaq insana hədsiz sevinc bəxş edir".
Daha əvvəl İdman Araşdırmalar Mərkəzinin jurnalistlər arasında keçirdiyi sorğu nəticəsində 2019-cu ilin ən yaxşı əcnəbi oyunçusu seçilən Zubir ardıcıl 2-ci dəfə fərqlənməyin onu daha çox sevindirdiyini vurğulayıb: "Mənə elə gəlir ki, insan öz işinə peşəkar yanaşanda, əzmlə çalışanda uğur özü onu tapır, yanında olur. İkinci dəfə mükafat qazandığım üçün özümü xoşbəxt sayıram".
Zubir "Azərbaycanda çıxış etdiyiniz 2 il ərzində ardıcıl 2-ci dəfə mükafat qazandınız. "Qarabağ"dakı karyeranızı uğurlu saymaq olarmı" sualına bu cür cavab verib: "Açığı, bu fikirlərlə razılaşmıram. Çünki futbolda bu gün qazandığın uğur çox tez unudulur. Çünki yaxşı olduğunu hər zaman insanlara sübut etməlisən. Düzdür, 2-ci dəfə fərqlənmək adama sevinc bəxş edir, amma uğurlu olduğunu hər dəfə sübut etmək məcburiyyətindəsən. Dünən olanlar keçmişdə qalır, unudulur. Sabah yenidən ən yaxşı olduğunu göstərməlisən".
Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl üç ildir İdman Araşdırmalar Mərkəzi "Report"un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Hazırda "Keşlə"yə məxsus Cavid İmamverdiyev 2017/2018, "Neftçi"nin kapitanı Emin Mahmudov isə 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib.