Üçqat “Formula 1” çempionu, niderlandlı Maks Ferstappenin atası Yos Ferstappen “Red Bull” komandasının rəhbəri Kristian Horneri cinsi qısnama qalmaqalı səbəbindən istefa verməyə çağırıb.
“Report” xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
“O, postunda qaldığı müddətdə komandada gərginlik olacaq. Komanda dağılmaq təhlükəsi ilə üz-üzədir və bu davam edə bilməz. O, qurban rolunu oynayır, baxmayaraq ki, problemlərin səbəbkarı özüdür”, - deyə Yos Ferstappen bildirib.
Fevralın 16-da məlum olub ki, "Red Bull" əməkdaşlarından biri Horneri cinsi qısnamada ittiham edib. Buna cavab olaraq Horner bu məlumatı dərc edən nəşri məhkəməyə verib, onlardan təkzib yazmağı tələb edib.
Fevralın 28-də “Red Bull” “Formula 1” komandasının rəhbəri Kristian Hornerlə bağlı rəsmi qərar qəbul edib. Şirkət tərəfindən aparılan daxili araşdırmadan sonra ona bəraət verilib, bütün ittihamlar ləğv edilib və o, yarış komandasının rəhbəri vəzifəsini qoruyub saxlayıb.