Həftəsonu bütün dünyanın diqqəti “Formula 1” üzrə Azərbaycan Qran-prisinə yönələcək.
“Report”un məlumatına görə, sürət həvəskarları paytaxt Bakıda 7-ci dəfə turnirə şahidlik edəcəklər.
Təşkilatçılar əsas mərhələ ilə yanaşı, Bakıya ilk dəfə sprint yarışını da həvalə ediblər.
Azərbaycan 2016-cı ildən müntəzəm olaraq hər il “Formula 1” üzrə dünya çempionatının ev sahibləri sırasında yer alır. Yalnız koronavirus pandemiyası səbəbindən 2020-ci ildə keçirilməyən mövsüm istisnadır. 2016-cı ildəki ilk mərhələ Avropa Qran-prisi adlanıb. Ondan sonrakı ildən isə yarış Azərbaycan Qran-prisi adı altında keçirilib.
Azərbaycanda eyni komandalar, fərqli pilotlar
Azərbaycan Qran-priləri komandalarla pilotların yarışları baxımından fərqli mənzərə ortaya çıxarıb. İndiyə qədər yalnız iki komandanın sürücüləri paytaxt küçələrində finişə birinci çatıblar. “Mercedes” 2016, 2018 və 2019-cu illərdə, “Red Bull” isə 2017, 2021 və 2022-ci illərdə pilotlarının birinciliyinə sevinib.
Əvəzində Azərbaycan hər il bir qalib kəşf edib. Bakının 2016-cı ildəki debüt ilində almaniyalı Niko Rozberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkiardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. Bir sözlə, indiyə qədər Azərbaycanda qalib gələn sürücü ikinci dəfə bu uğuru təkrarlaya bilməyib. Hətta Bakıda eyni ölkə təmsilçisinin iki qalibiyyətinə də şahidlik edilməyib.
Lekler təsnifatda uğurlu, yarışda uğursuz olur
Azərbaycan Qran-prilərində cəmi iki dəfə sıralama turunda ən yaxşı nəticə göstərərək, startda birinci pillədə başlayan pilot finişə də hamıdan öndə çatıb. 2016-cı ildə Niko Rozberq, 2019-cu ildə isə Valtteri Bottas bunu bacarıblar.
2017-ci ildə Lyuis Hemilton əsas yarışa birinci yerdə başlasa da, sonda beşinciliklə kifayətlənib. Böyük britaniyalının qalib tamamladığı növbəti ildə Sebastian Vettel startda hamıdan öndə olub. Lakin almaniyalı dördüncü yeri tutub.
Son iki Azərbaycan mərhələsində Şarl Lekler sıralama turunda ən yaxşı nəticə göstərən pilot olub. Ancaq “Ferrari”nin sürücüsü bir gün sonra baş tutan əsas yarışda “Red Bull”dakı rəqibinə yenilib. Monakolu 2021-ci ildə finişə dördüncü çatıbsa, son Qran-pridə yarışı yekunlaşdıra bilməyib.
Üç pilot Azərbaycan Qran-prisini qazandığı mövsümün çempionu olub
İndiyə qədər 3 pilot Azərbaycan Qran-prisini qazandığı mövsümün çempionu olub. 2016-cı ildə Niko Rozberq, 2018-ci ildə Lyuis Hemilton, 2022-ci ildə isə Maks Ferstappenin çempionluğunda Bakıdakı yarışda birinci yeri tutmağın da köməyi olub.
O ki qaldı komandaların yarışına, 2016, 2018 və 2019-cu illər dünya çempionatının Azərbaycan mərhələsi “Mercedes” üçün düşərli alınıb. Çünki həmin mövsümlərdə sürücüsü Bakı trekini birinci tamamlayan komanda sonda konstruktorlar kubokuna yiyələnib. “Mercedes”in bu seriyasına ötən il “Red Bull” son qoyub. Azərbaycan Qran-prisində Maks Ferstappenin birinciliyinə sevinən bu komanda mövsümü də ilk sırada başa vurub.
Yalnız Azərbaycan və Səudiyyə Ərəbistanında fərqli qaliblər çıxır
Bu mövsüm ümumilikdə 23 fərqli şəhərdə Qran-pri yarışları planlaşdırılıb ki, Bakı 4-cü mərhələyə ev sahibliyi edəcək. Həmin 23 mərhələnin cəmi ikisində eyni pilot birdən artıq qələbə üzü görməyib. Bunlardan biri Azərbaycan, digəri isə Səudiyyə Ərəbistanı Qran-prisidir. Ancaq nəzərə alaq ki, Səudiyyə Ərəbistanında cəmi 3 belə yarış baş tutub və üç fərqli birincilik ortaya çıxıb. Mayami və Qətər bu il ikinci, Las-Veqas isə birinci dəfə “Formula 1” yarışına ev sahibliyi edəcək.
Ferstappen favoritdir, ənənənin davamı Fernando Alonsodan asılıdır
Aprelin 30-da baş tutacaq Azərbaycan Qran-prisinin favoritləri ölkəmizdəki son iki yarışın qalibi olan “Red Bull” pilotlarıdır. Maks Ferstappen və Serxio Peresin Bakıda birincilik mübarizəsi aparmaları gözlənilir. Xüsusən də, Ferstappen çox yaxşı formadadır. Ötən mövsümün son 11 mərhələsinin 9-da finişə birinci çatan niderlandlı sürücü 2023-cü ilə də parlaq çıxışla start götürüb. Bəhreyn və Avstraliyada podiumun zirvəsinə çıxan Ferstappen Səudiyyə Ərəbistanında ikinci olub. Avropanın nüfuzlu bukmekerləri də onu favorit hesab edirlər.
Peres isə ilk iki Qran-pridə müvafiq olaraq ikinci və birinci yeri tutmasına baxmayaraq, son mərhələdə beşinciliklə kifayətlənib. Bakıda Lyuis Hemilton da iddialılar arasında olacaq.
Hər üç pilot müxtəlif illərdə ölkəmizdə birinci yeri tutduğundan, yeni qalib çıxma ənənəsinin qırılacağını təxmin etmək olar. Yalnız Fernando Alonso seriyanın davamına nail ola bilər. Mövsümün ilk üç yarışında da üçüncü yeri tutan “Aston Martin”in veteran pilotu Bakıya birincilik iddiası ilə gələcək. İspaniyalı özü də açıqlamalarında Azərbaycan Qran-prisindən böyük ümidlə danışıb.