“Zirə”nin fransalı futbolçusu: “Eqoist olmaq lazımdır” - MÜSAHİBƏ

“Zirə”nin fransalı futbolçusu: “Eqoist olmaq lazımdır” - MÜSAHİBƏ Zirənin futbolçusu Şafik Tiqrudja Azərbaycan Premyer Liqasının XVIII turunda Keşləyə 0:4 hesabı ilə uduzduqları oyundan sonra brifinq keçirib
Fərdi
22 Fevral , 2020 20:37
“Zirə”nin fransalı futbolçusu: “Eqoist olmaq lazımdır” - MÜSAHİBƏ

"Zirə"nin futbolçusu Şafik Tiqrudja Azərbaycan Premyer Liqasının XVIII turunda "Keşlə"yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra brifinq keçirib

"Report" fransalı futbolçunun müsahibəsini təqdim edir

- 0:4 hesablı məğlubiyyət yəqin ki, sizin üçün gözlənilməz oldu. Nəticə niyə belə alındı?

- Məncə, birinci hissədə pis oynamadıq. Sadəcə olaraq, rəqib imkanlardan maksimum faydalandı. İki səhvi çıxmaq şərtilə ilk yarını bizim üçün müsbət xarakterizə etmək olar. İkinci hissədə rəqibə yenidən pressinq etməyə çalışdıq. Bunun da öz bəhrəsini nə dərəcədə verdiyini bilmirəm. Ancaq səhvlər nəticəsində daha iki qol buraxdıq. Məncə, "Keşlə" bizdən üstün oynamadı. Sadəcə, vəziyyətdən yararlandı.

- Ancaq görünən o idi ki, zəif çıxış edirdiniz. Hətta qapıya zərbə də yox idi. Bu, istəksizliklə bağlı idi, yoxsa özünüz də hiss edirdiniz ki, heç nə alınmır?

- Bəli, qapıya zərbələrin sayı az oldu. Bəzi epizodlarda zərbə vurma anında bunu yerinə yetirmədik. Bəzən düşünürəm ki, eqoist olmaq lazımdır və həmin fürsətlərdən özün istifadə etməlisən. Yaxşı xatırlayıram, bir epizodda mənim də belə imkanım oldu, ancaq son ötürməyə üstünlük verdim.

- Son iki oyunda 10 qol buraxmısınız. Gedişat nəyi göstərir və bu durumdan necə çıxacaqsınız?

- Haqlısınız. Amma bu cür vəziyyətlərdə toparlanmaq lazımdır. Bunun vaxtıdır. Təsəvvür edin ki, komandada hər kəs şikayətlənməyə başlasa, heç nə əldə edə bilməyəcəyik. Nəzərə almalıyıq ki, çempionatda hələ 10 oyun qalır, mövsüm bitməyib. Pozitiv düşünməli və bu durumdan çıxmağa çalışmalıyıq.

- Bəlkə "Qarabağ"a böyükhesablı məğlubiyyətin (0:6) gətirdiyi psixoloji durumdan hələ çıxa bilməmisiniz?

- Bunlar bir-birindən kəskin fərqlənən iki oyun idi. "Qarabağ" bizi 6:0 hesabı ilə darmadağın etdi. İlk dəqiqələrdən təşəbbüsü ələ alan tərəf də onlar idilər. Bizi topsuz qaçmağa məcbur edirdilər. Amma "Keşlə" ilə qarşılaşmada müəyyən qədər topa nəzarət bizim tərəfimizdə olsa da, sırf 4 səhvdən qollar buraxdıq. Məyusedici məqam da məhz budur.

- Növbəti turdakı rəqibiniz "Qəbələ" də yaxşı durumda deyil. Onları məğlub edib, bu situasiyadan çıxa biləcəksiniz?

- "Qəbələ" ilə durumumuz eynidir. İlk olaraq "Keşlə" ilə matçı təhlil etməli, daha sonra "Qəbələ" ilə görüşə hazırlaşmalıyıq. Oyunçu kimi mentalitetimizin yaxşı tərəflərini göstərib, əl-ələ verərək, bu vəziyyətdən birlikdə çıxa bilərik.

Son xəbərlər

Orphus sistemi