Yuxarı

Zabit Səmədov: "Dost olsaq da, Katalin Moroşanuya qulaqburması verəcəm" - VİDEO

Qroznıdakı turnirə hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışı sona çatıb və Axmed klubununun komandası yarışa tam hazırdır

Bakı. 22 avqust. REPORT.AZ/ "Katalin güclü, cəsur döyüşçüdür və yaxşı oğlandır. Sadəcə, qələbə qazanmaq üçün əlimdən gələn hər şeyi edəcəm. Dost olsaq da, Katalin Moroşanuya qulaqburması verəcəm. Axı bu, döyüşdür və bizim işimizdir. Döyüşdən sonra mübarizəni şam yeməyi zamanı müzakirə edəcəyik".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Axmed" kikboksinq klubunun rəhbəri, Azərbaycanın K-1 ustası, döyüşçü Zabit Səmədov deyib.

Qeyd edək ki, avqustun 23-də Qroznıda Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri keçiriləcək. Turnir zamanı Z.Səmədov WBC Muay Thai versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşacaq.

Z.Səmədovun bildirdiyinə görə, Qroznıdakı turnirə hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışı sona çatıb və "Axmed" klubunun komandası yarışa tam hazırdır.

"Turnir çox hərarətli, parlaq və maraqlı olacaq. Bundan başqa, qonaqlar və bu idman növünün dünya ulduzlarını dəvət etmişik! Avqustun 23-də "Kolizey" arenada görüşərik", - deyə, azərbaycanlı K-1 ustası bildirib.

Qeyd edək ki, Z.Səmədovun təxminən 120 azarkeşi Bakıdan iki avtobusla Qroznıya yollanacaq və zalda idmançımıza dəstək olacaqlar. 

Döyüş Rusiyanın "Matç TV" və Türkiyənin NTV telekanalları vasitəsilə canlı yayımlanacaq. 



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi