“Şahmatçımız Ayan Allahverdiyevanın yeni hədəfləri var”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın yeniyetmə şahmatçılardan ibarət yığma komandasının baş məşqçisi Fərid Abbasov deyib.
“Sevincimizin həddi-hüdudu yoxdur. Ayan Allahverdiyeva Azərbaycana çox medallar gətirib. Təkcə onu deyim ki, o, üçqat Avropa çempionudur. İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazandı. Çoxdan arzuladığımız kimi dünya çempionu oldu.
Onun yeni hədəfləri var. Ayan çox böyük fitri istedada malikdir”.
Baş məşqçi bildirib ki, A.Allahverdiyevadan yeni-yeni qələbələr gözləyir: “Ondan istənilən uğuru gözləyirəm. Elə hədəf yoxdur ki, Ayan onun öhdəsindən gələ bilməsin. Biz hazırda da Azərbaycan Şahmat Federasiyasının sistemli işinin bəhrəsini görürük. Bunun nəticəsi olaraq idmançımız dünya çempionu oldu”.
“Hesab edirəm ki, Ayan gələcəkdə 20 yaşlı şahmatçılar arasında keçiriləcək çempionatlarda da öz sözünü deyəcək. Növbəti hədəf qadınlardan ibarət yığma komandada Azərbaycanın şərəfini qorumaqdır. Belə gənclərimiz nə qədər çox olsa, bu, hamımızın başucalığımızdır”, - Fərid Abbasov vurğulayıb.
Qeyd edək ki, A.Allahverdiyeva İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.
Yarışda 94 ölkədən 1 000-ə yaxın şahmatçı iştirak edib.