Yeniyetmələr olimpiadasının azərbaycanlı 20 medalçısı: Onlar indi haradadırlar? - ARAŞDIRMA

Yeniyetmələr olimpiadasının azərbaycanlı 20 medalçısı: Onlar indi haradadırlar? - ARAŞDIRMA Kimisi karyerasını bitirib, ən yüksək nailiyyəti göstərən isə Qazaxıstan yığmasında çıxış edir
Fərdi
209
18 Oktyabr , 2018 16:34
Yeniyetmələr olimpiadasının azərbaycanlı 20 medalçısı: Onlar indi haradadırlar? - ARAŞDIRMA

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan milli komandası Yeniyetmələrin Yay Olimpiya Oyunları tarixində ən aşağı nəticəni göstərib.

"Report"un məlumatına görə, Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş sayca üçüncü olimpiadada 17 idmançıdan yalnız 7-si medalçılar sırasında yer almağa müvəffəq olub.

Vüqar Talıbov (cüdo, 66kq), Turan Bayramov (güləş, 65kq) qızıl, Tarmenxan Babayev (ağırlıqqaldırma, 85 kq) gümüş, Cavad Ağayev (taekvondo, 63 kq), Nurlan Səfərov (boks, 60 kq) və Şahanə Nəzərova (güləş, 43 kq) bürünc medal qazanıb. Bədii gimnast Yelizaveta Luzan isə Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandasının tərkibində qızıl medal qazanıb. Onun medalı ümumi sıralamada öz ölkəsinin adından göstərilməyib.

İdmançılar gimnastika, boks, atletika, güləş, cüdo, üzgüçülük, taekvondo və stolüstü tennis növlərində mübarizə aparıblar.

Halbuki, 2010-cu ildə Sinqapurda keçirilmiş Yeniyetmələrin ilk Olimpiya Oyunlarınaa 12 idmançı ilə yollanan milli komanda 8 medal (5 qızıl, 3 gümüş) qazanmış, 204 ölkə arasında medal əyarında 11-ci yeri tutmuşdu.

“Nankin-2014”də isə Azərbaycanın 21 idmançısından 12-si (5 qızıl, 6 gümüş, 1 bürünc) medal qazanmağa müvəffəq olmuş, yığma 10-cu pillədə qərarlaşmışdı. Hələ ki bu nəticə ən yaxşı olaraq qalır.

Bu dəfə isə Azərbaycan komandası medal əyarına görə 208 ölkə arasında 31-ci, medal sayında isə 37-ci yerdə qərarlaşıb.

"Report"un araşdırmaları nəticəsində məlum olub ki, nəinki Azərbaycan yığmasının nəticələri, hətta əvvəlki iki olimpiadada medal qazanan 20 yeniyetmə idmançının nailiyyətlərində də azalma baş verib. Onların cüzi hissəsi sonradan da nüfuzlu yarışlarda yüksək yerlər tutduqları halda, əksəriyyəti xeyli zəifləyib. Hətta aralarında karyeralarını bitirənlər də var.

“Sinqapur-2010”da Murad Bazarov (yunan-Roma güləşi, 42kq), Elman Muxtarov (yunan-Roma güləşi, 50kq), Patimat Baqomedova (qadın güləşi, 52kq), Nicat Rəhimov (ağırrıqqaldırma, 69kq), Əli Məhəmmədəbirov (sərbəst güləş, 100kq) qızıl medal, Kənan Quliyev (sərbəst güləş, 54 kq), Salman Əlizadə (boks, 48kq), Elvin İsayev (boks, 57kq) isə gümüş medal qazanıb.

Güləşçilərdən Murad Bazarov olimpiadadan sonra Gənclər arasında Avropa çempionatında qızıl, dünya çempionatında gümüş, həmçinin yeniyetmələr arasında dünya çempionatında qızıl medala sahib çıxıb. Hazırda milli komandanın üzvü olsa da, ciddi nəticələri yoxdur.

Elman Muxtarov 2014-cü il yeniyetmələrin dünya çempionatında qızıl, "Bakı 2015" I Avropa Oyunlarında bürünc medal qazanıb. Hazırda milli komandanın heyətində yer alır.

Əli Məhəmmədəbirov gənclər arasında 2012-ci il Avropa çempionatında qızıl, dünya çempionatında bürünc medalçı olub. 2016-cı ildə karyerasını başa vurub.

Kənan Quliyev 2012-ci ildə ölkə çempionu olub. Daha sonra zədələnib və karyerasını bitirib. Hazırda Sumqayıtdakı “Zenit” İdman Cəmiyyətində güləş zalının rəhbəridir.

Patimat Baqomedova 2015-ci ildə ailə həyatı qurduqdan sonra karyerasını başa vurub. Hazırda o, ailəsi ilə birgə Dağıstanda yaşayır.

Ağırlıqqaldıran Nicat Rəhimov 2014-cü ildən Qazaxıstan millisinə qoşulub. O, 2015-ci il dünya çempionatında və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Boksçulardan Salman Əlizadə 2010-cu il olimpiadasından sonra 2011-ci ildə Türkiyənin paytaxtı Ankarada böyüklər arasında Avropa çempionatında qızıl medal qazanıb. 2013-cü ildə isə Əlizadə qitə çempionatının bürünc medalı əldə edib. 2016-cı ildə o, həvəskar karyerasını bitirib və hazırda peşəkar boksla məşğuldur.

Elvin İsayev 2012-ci ildə Rusiyanın Kalininqrad şəhərində boks üzrə 19 - 22 yaşlılar arasında Avropa çempionatında qızıl medal qazanıb. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında isə o, mübarizəni ¼ finalda dayandırıb. Hazırda milli komandanın üzvüdür.

“Nankin-2014”də Teymur Məmmədov (sərbəst güləş, 63 kq), İqbal Hacızadə (sərbəst güləş, 100 kq), Rüfət Hüseynov (boks, 49 kq), Leyla Qurbanova (qadın güləşi, 52 kq), İslambek Dadov (yunan-Roma güləşi, 69 kq), Səid Quliyev (taekvondo, 73 kq) qızıl, Leyla Əliyeva (cüdo, 44 kq), Natiq Qurbanlı (cüdo, 55 kq), Ceren Özbek (taekvondo, 44 kq), Cabbar Nəcəfov (yunan-Roma güləşi, 50 kq), Boris Yotov (akademik avarçəkmə) gümüş, Nazim Babayev (atletika) bürünc medal qazanıblar.

Güləşçilərdən Teymur Məmmədov 2015-ci ildə yeniyetmələr arasında dünya çemponu olub. Hazırda karyerasını davam etdirsə də, ciddi nailiyyətləri yoxdur.

İqbal Hacızadə də hazırda karyerasını davam etdirsə də, əsas heyətə düşə bilmir.

İslambek Dadov yenə milli komandanın üzvüdür və U23-ün heyətində dünya çempionatına yollanacaq.

Cabbar Nəcəfov 2015-ci ildə zədələnib və elə həmin il karyerasını bitirib.

Leyla Qurbanova 2015-ci ildə yeniyetmələr arasında dünya çempionu olub. O, "Bakı-2017" IV İslam Həmrəylik Oyunlarında da fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Hazırda karyerasını davam etdirir.

Boksçu Rüfət Hüseynov 2015-ci ildə yeniyetmələr arasında Avropa çempionatında bürünc medalın sahibi olub. 2016-cı ildə isə o, Bakıda Dünya Olimpiya Təsnifat turnirinin qalibi olub. Lakin "Rio-2016" Yay Olimpiya Oyunlarında 1/16 finalda uduzan Hüseynov sonrakı nüfuzlu yarışlarda da medalsız qalıb.

Cüdoçu Leyla Əliyeva I Avropa Oyunlarında iştirak edib və 1/8 finalda mübarizəni dayandırıb. Hazırda milli komandanın heyətində yer alır.

Natiq Qurbanlı 2016-cı ildə gənclər arasında Avropa çempionu, 2017-ci ildə isə dünya çempionatının gümüş mükafatçısı olub.

Taekvondoçu Səid Quliyev hazırda karyerasını davam etdirsə də, böyüklərdən ibarət yığmada əsas heyətə daim düşə bilmir.

Cerən Özbək isə hazırda Türkiyədə təhsil alır.

3 təkanla uzununa tullanan Nazim Babayev "Bakı 2015" I Avropa Oyunlarında qızıl medal qazanıb, elə həmin il İsveçdə yeniyetmələr arasında Avropa çempionatında 17.04 metr nəticə ilə həm qızıl medal qazanıb, həm də yeni dünya rekordunun sahibi olub. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında da o, qızıl medal qazanıb.

Akademik avarçəkmə növündə gümüş medal qazanan Boris Yotov isə "Rio-2016" Yay Olimpiya Oyunlarında iştirak etsə də, medalsız qalıb. Elə həmin il Azərbaycan milli komandasını tərk edən bolqarıstanlı legioner 2017-ci ildən Bolqarstan yığmasının heyətində çıxış edir.

Beləliklə, ilk iki olimpiadada medal qazanmış Azərbaycan idmançıları arasında sonrakı yarışlarda ən yüksək nailiyyətə ağrırlıqqaldıran Nicat Rəhimov imza atıb. O, böyüklər arasında dünya və olimpiya çempionu olub. Lakin Rəhimov bu uğurları Qazaxıstan yığmasının üzvü kimi əldə edib. 

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi