Yaşar Vahabzadə: "İslamiada üçün əsas tapşırıq qrupdan çıxmaqdır"

Yaşar Vahabzadə: "İslamiada üçün əsas tapşırıq qrupdan çıxmaqdır" "Heyətə əsas millinin daha çox futbolçusunu cəlb etmək istərdim"
Fərdi
3 May , 2017 12:52
Yaşar Vahabzadə: İslamiada üçün əsas tapşırıq qrupdan çıxmaqdır

Bakı. 3 may. REPORT.AZ/ "Mayın 1-dən təlim-məşq toplanışına başlamışıq. Hazırda heyətdə 16 futbolçu var. Digər 7 nəfər isə Azərbaycan Kubokunun finalından sonra bizə qoşulacaq. Uşaqlar yarışın ciddiyyətini yaxşı dərk edirlər".

“Report”un məlumatına görə, bunu IV İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə deyib.

57 yaşlı mütəxəssis AFFA Futbol Mərkəzində baş tutan mətbuat konfransında bildirib ki, İslamiadada əsas məqsəd yaxşı oyun göstərməkdir. O, futbol matçlarına bütün biletlərin satılmasını sevindirici hal adlandırıb: "Biletlərin satılması marağın yüksək olması ilə bağlıdır. Biz də çalışacağıq ki, azarkeşləri sevindirək. Əsas tapşırıq qrupdan çıxmaqdır. Sonrasına baxarıq".

Y.Vahabzadə hazırda klubsuz qalan qapıçı Kamran Ağayev və 11 qola Azərbaycan Premyer Liqasının ən sərrast futbolçusu olan "İnter"in hücumçusu Rauf Əliyevin heyətdən kənar qalmasına aydınlıq gətirib. Baş məşqçi bildirib ki, seçim edərkən Azərbaycan milli komandasının iyunun 10-da Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi görüşü də nəzərə alıb: "Məşqçi kimi əsas millinin çox futbolçusunu götürmək istərdim. Lakin qarşıdan 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyun var. Bu amili də nəzərə almaq lazımdır. Ona görə də Kamran Ağayevi və ya digər futbolçunu İslamiada üçün heyətə daxil etməmişik. Rauf Əliyevə gəlincə, üç yaşlı futbolçu seçə bilərdim. Ona görə də Ağabala Ramazanov, Rəşad Sadiqov və Ruslan Abışovu seçdim. Hücum xəttinə cəlb etdiyim oyunçulara gəldikdə, Mirabdulla Abbasov "Sumqayıt"da yaxşı mövsüm keçirdi. Mahir Mədətov isə perspektivli oyunçudur. Onlara üstünlük verdik".

Qeyd edək ki, İslamiadada futbol yarışları 8 - 21 mayda keçiriləcək. Azərbaycan millisi Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş yığmaları ilə birgə A qrupunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi