Yuxarı

​Yaqub Abdullayev: "Himnin ermənilərə məxsus olduğunu bilmədim"

Ermənistanın himnini niyə dinləməliyəm?

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycanın sambo üzrə milli komandasının baş məşqçisi Yaqub Abdullayev Serbiyanın Novi Sad şəhərində keçirilmiş Avropa birinciliyində Azərbaycan idmançısı Kamran Əsgərovun qızıl medal qazanması şərəfinə Ermənistan himninin səsləndirilməsinə münasibət bildirib. Təcrübəli mütəxəssis "Report"a açıqlamasında bunun texniki qüsur olduğunu deyib.

Onun sözlərinə görə, Ermənistanın himni səsləndirildikdən sonra təşkilatçılara etiraz bildirilib və məsələ həll olunub: "Fəxri kürsünün ən yüksək pilləsinə bizim idmançı çıxdı. Himn səslənəndə gördük ki, bu, Azərbaycanın himni deyil. Biz təşkilatçılara öz etirazımızı bildirdik. Onlar texniki səhv olduğunu bildirdilər və yenidən Azərbaycanın himni səsləndirildi".

Y.Abdullayev bildirib ki, Ermənistan himnini farağatda dinləməsinə səbəb bunun hansı dövlətə məxsus olduğunu bilməməsi olub: "O himnin kimə məxsus olduğunu bilmədim və dinlədim. İdmançı da Azərbaycan himninin səslənəcəyini gözlədiyi bir anda başqa musiqi səsləndi. Təəccüblə mənə baxdı və mən də texniki problem olduğunu, bunun aradan qaldırılacağını dedim".

Baş məşqçi təşkilatçıların Azərbaycan tərəfindən üzr istədiyini də qeyd edib: "Həmin anda texniki problem olduğu bildirildi. Səhəri gün zalda hər kəsin qarşısında məsələyə aydınlıq gətirildi. Bu səhvə görə bizdən üzr istədilər və məsələ öz həllini tapdı. Mən Ermənistanın himnini niyə dinləməliyəm ki? Çaş-baş qalmışdıq ki, niyə bizim yox, başqa himn səsləndirildi".

Qeyd edək ki, yeniyetmə və gənclər arasında Avropa birinciliyində 62 kq-dək çəkidə qalib gəlmiş azərbaycanlı samboçu Kamran Əsgərovun təltif edilməsi zamanı Azərbaycan himninin əvəzinə Ermənistan himni səslənib. Azərbaycan tərəfinin müraciətindən sonra dövlət himni səslənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi