Yaponiyalı jurnalist: "Azərbaycan Qran-prisi ən yaxşı "10-luq"dadır"

Yaponiyalı jurnalist: "Azərbaycan Qran-prisi ən yaxşı "10-luq"dadır" "Artıq 5-ci dəfədir ki, Azərbaycan Qran-prisində iştirak edirəm".
Fərdi
6 İyun , 2021 12:11
Yaponiyalı jurnalist: Azərbaycan Qran-prisi ən yaxşı 10-luqdadır

"Artıq 5-ci dəfədir ki, Azərbaycan Qran-prisində iştirak edirəm".

Bu fikirləri "Report"a açıqlamasında yaponiya jurnalist Masahiro Ovari Bakıda təşkil edilən "Formula 1" yarışı barədə danışarkən deyib.

O, paytaxtdakı trasın çox maraqlı olduğunu bildirib: "Buradakı tras Montsa və Monakodakının qarışığıdır".

Ovari Azərbaycandakı Qran-prinin yaxşı təşkil edildiyini söyləyib: "Müxtəlif ölkələr var ki, onların "Formula 1"lə bağlı 10-20 illik təcrübələri var. Məsələn, Yaponiyada ilk yarış 1980-ci illərdə keçirilib. Həmin vaxt təşkilatçılıq o qədər də güclü olmayıb. Bu da başadüşüləndir. Azərbaycanda da 5-ci yarış olduğu üçün ola bilsin təşkilatçılıq mükəmməl səviyyədə deyil. İllər keçdikcə, təcrübə toplandıqca daha da yaxşı olacaq".

Media nümayəndəsi Azərbaycan Qran-prisini ən yaxşı 10 yarış sırasına daxil edib: "Hətta ilk "5-liy"ə də düşə bilər. Amma daha çox təcrübə toplamaq lazımdır. Bunun üçün də yarışlar keçirməyə davam etməlisiniz. Montsadakı İtaliya Qran-prisi kimi təşkilatçılarla əlaqələri sıx etmək lazımdır".

O, Azərbaycan Qran-prisində ilk qəzaları yaponiyalı sürücülərin törətməsinə də münasibət bildirib.

Jurnalist "Formula 1"də "Alpha Tauri"nin pilotu Yuki Tsunoda və "Formula 2"də "Trident" komandasının üzvü Marino Satonun qəzalarının elə də böyük olmadığını sözlərinə əlavə edib: "Bu, yarışda baş verən hadisələrdir. Yaponiya və digər ölkə təmsilçilərinin başına gələ bilər. Qəzalar elə də ciddi olmadı".

Ovari Bakını çox gəzmək imkanının olmadığını söyləyib: "Təəssüf ki, yarışdan kənarda çox da gəzmək imkanım olmayıb. Ən azından gördüklərimdən onu deyə bilərəm ki, Bakı çox inkişaf edir. Burada maraqlı və gözəl binalar var. Bunların arasında Alov qüllərini xüsusi qeyd edərdim. Paytaxtınız çox gözəldir".

Qeyd edək ki, Azərbaycan Qran-prisi bu gün başa çatacaq. İlk olaraq "Formula-2"də yekun mərhələ baş tutacaq. Ardınca "Formula 1"də pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi