Xəzər İsayev: "Ulu öndərin əlindən aldığım "Tərəqqi" medalı ən böyük nailiyyətim, fəxr etdiyim hadisədir"

Xəzər İsayev: "Ulu öndərin əlindən aldığım "Tərəqqi" medalı ən böyük nailiyyətim, fəxr etdiyim hadisədir" "Onun əlindən aldığım "Tərəqqi" medalı mənim bugünədək ən böyük nailiyyətim, fəxr etdiyim hadisədir".
Fərdi
31 Yanvar , 2023 11:15
Xəzər İsayev: Ulu öndərin əlindən aldığım Tərəqqi medalı ən böyük nailiyyətim, fəxr etdiyim hadisədir

"Ulu öndərin əlindən aldığım "Tərəqqi" medalı mənim bugünədək ən böyük nailiyyətim, fəxr etdiyim hadisədir".

Bunu "Report"a açıqlamasında Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini danışarkən deyib.

Sərbəst güləş üzrə dünya və ikiqat Avropa çempionu bildirib ki, SSRİ dövründə cəmi 5 nəfər "Tərəqqi" medalına layiq görülüb: "Onlardan biri mən oldum. Bu xatirələri, dəyərləri unutmaq mümkün deyil. Ona görə də çalışırıq ki, işlədiyimiz sahədən asılı olmayaraq, dövlətimizi, dövlətçilimizi və ulu öndərin ideyalarını həyata keçirək".

İsayevin sözlərinə görə, Heydər Əliyevlə görüşlər idman adamları üçün hər zaman məsuliyyətli olub: "Yadıma gəlir, ilk dəfə Tbilisi prospektindəki konsert və idman kompleksində ulu öndərin əlini sıxdıq. Bütün təşkilatlar sərgi təşkil etmişdi. İdman haqqında olan sərginin qarşısında tanınmış idmançılar, mütəxəssislər dayanmışdı. Ümummilli Lider orada bir-bir hamımızla görüşdü. Mənimlə görüşəndə dayandı və üzünü hazırkı Prezident cənab İlham Əliyevə çevirib "İlham, bu idmançılar mənim dostumdur, yaxşı, təmiz insanlardır" dedi. O görüşədək mənə deyirdilər ki, ulu öndərin gözünün içinə baxmaq çox çətin və məsuliyyətlidir, sonadək baxmaq olmur. Həmin vaxt risk etdim. İstədim ki, gözünün içinə baxım və insanların niyə belə düşündüklərini öyrənim. Həqiqədən də baxmağımla gözümü çəkməyim bir oldu. Özümdən asılı olmayaraq, sonadək baxa bilmədim. Belə anlar bugünədək xatirimdədir".

Daha sonra da ulu öndərlə bəzi idman tədbirlərində ümumi görüşlərin olduğunu söyləyən MOK rəsmisi onun hazırda sərbəst güləş üzrə Azərbaycan yığmasına başçılıq edən Namiq Abdullayevlə söhbətini də yada salıb: "Bilirsiniz ki, Abdullayevin Atlantadakı gümüş medalını nəzərə almasaq, Sidney olimpiadasınadək Oyunlarda ciddi uğurlar qazana bilməmişdik. Həmin vaxt ulu öndərin Namiqi qalib kimi dəyərləndirməsi də mənim hafizəmdədir. Ümummilli Lider öz çıxışında demişdi ki, Namiq, indi get, qorxma, Azərbaycan xalqı, dövləti və İlham Əliyev sənin arxandadır. Yarızarafat, yarıciddi söylədi ki, bundan sonra heç bir hakim səni sıxa bilməz. Əslində Namiqin simasında bütün idman ictimaiyyətinə mesaj verdi ki, Sidney olimpiadasına ürəkli gedin və Azərbaycana medallar gətirin. Hamı ilə bir-bir görüşüb uğurlar arzuladı. Biz də həmin heyətin tərkibində idik. Sidneydən 2 qızıl və 1 bürünc medalla qayıtdıq. Bu, Azərbaycan üçün böyük müvəffəqiyyət oldu".

İsayev Heydər Əliyevin idmançıları sonuncu dəfə məhz Sindey olimpiadasından sonra qəbul etdiyini bildirib: "Səhhətində problemlər olduğu üçün həmin görüş bir qədər uzandı. Amma istənilən halda böyük qəbul oldu. Orada bizim ilk "qaranquşlar"ımızı - Zemfira Meftahəddinova, Namiq Abdullayev və Vüqar Ələkbərovu təntənəli şəkildə təbrik etdi, Milli Olimpiya Komitəsinə uğurlar arzuladı. Ulu öndərin nitqi, danışığı, tövsiyələri insan üçün böyük məktəb, dərs idi. Ağzından çıxan hər kəlməni normal insanlar dərk edib qavramağı bacarmalıdır. Elə məsləhətlər verirdi ki, onlar həyatda öz əksini tapırdı".

Komissiya sədri Azərbaycan idmançılarının SSRİ yığmalarına cəlb olunmasında da ulu öndərin rolunun böyük olduğunu əlavə edib: "Mənə verilən məlumata görə, Heydər Əliyev SSRİ Ali Sovetinə getdikdən sonra azərbaycanlı idmançılarla bağlı məsələ qaldırmışdı. İclasların birində sual vermişdi ki, Azərbaycanda güclü, ləyaqətli idmançılar olduğu halda, onlar niyə SSRİ yığmalarına düşmürlər? SSRİ İdman Komitəsinin o vaxtkı sədri Smirnov da həmin tədbirdə idi. Bu çıxışdan sonra 1986-cı ildə Aynur Sofiyeva SSRİ-nin heyətində dünya çempionatında oynadı və qrossmeyster adına layiq görüldü. Kamandar Məcidov Belarusun adından çıxış etsə də, azərbaycanlı kimi tanınırdı və dünya çempionu oldu. Mən və Məhiyəddin Allahverdiyev o dövrdə dünya çempionluğunu qazandıq. Dediyim odur ki, məhz ulu öndərin sözlərindən sonra Azərbaycan idmançılarına diqqət ayrıldı. Biz də nüfuzlu yarışlarda SSRİ-ni layiqincə təmsil etdik. Bəlkə də tələb etməsəydi, bu sözləri onlara çatdırmasaydı, belə yüksək nailiyyətlər əldə etməzdik. Çünki keçmiş SSRİ-də bizi əvəz edəcək idmançılar tapıla bilərdi. Amma yaxşı oldu ki, SSRİ yığmasına düşdük və Azərbaycanın adını yüksəklərə qaldıra bildik. Heydər Əliyev həmin dövrdə nəticə verən idmançı və mütəxəssisləri yadından çıxarmırdı".

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il ulu öndərin anadan olmasının 100 illiyi əlaqədar olaraq "Heydər Əliyev İli" elan edilib.

Son xəbərlər

Orphus sistemi