Vüqar Həşimovun xatirə turnirinin iştirakçıları siyahısında dəyişiklik edilib

Vüqar Həşimovun xatirə turnirinin iştirakçıları siyahısında dəyişiklik edilib Vladimir Kramniki polşalı qrossmeyster əvəzləyib
Fərdi
11 Aprel , 2018 16:54
Vüqar Həşimovun xatirə turnirinin iştirakçıları siyahısında dəyişiklik edilib

Bakı. 11 aprel. REPORT.AZ/ Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” superturnirin iştirakçıları siyahısında dəyişiklik edilib.

“ShamkirChess 2018”in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, sabiq dünya çempionu Vladimir Kramnik Təşkilat Komitəsinə məktub ünvanlayıb. Rusiyalı şahmatçı Almaniyanın paytaxtı Berlində keçirilmiş İddiaçılar Turnirindən sonra bir müddət istirahətə ehtiyacı olduğunu bildirib. Buna görə də Kramnik “ShamkirChess 2018”dən onu başqa şahmatçı ilə əvəzləməyi xahiş edib.

O, yarış iştirakçılarına uğurlar arzulayaraq növbəti illərdə Azərbaycanda keçiriləcək turnirlərə böyük məmnuniyyətlə qatılacağını yazıb.

Beləliklə, Kramnik Şəmkirdə keçiriləcək Vüqar Həşimov Memorialında iştirak etməyəcək. Onu Polşa millisinin üzvü Radoslav Voytaşek (2744) əvəzləyəcək.

Qeyd edək ki, superturnirdə şahmat üzrə hazırkı dünya çempionu, “ShamkirChess” turnirinin ikiqat qalibi, FİDE reytinqində ilk pillədə qərarlaşan Maqnus Karlsen (Norveç, 2843), sonuncu İddiaçılar Turnirinin iştirakçısı, Çin təmsilçisi Dinq Liren (2778, FİDE reytinqində 8-ci yer), Dünya Kubokunun qalibi, şahmat tacı uğrunda matçın iştirakçısı Sergey Karyakin (Rusiya, 2778, FİDE reytinqində 9-cu yer), Hollandiya şahmatının lideri Aniş Giri (2777, FİDE reytinqində 10-cu yer), FİDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2749), çexiyalı David Navara (2745) iştirak edəcək.

Azərbaycanı “ShamkirChess” superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FİDE reytinqində ikinci pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2814), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2748) və üçqat Avropa çempionu, blits üzrə Avropa çempionu Rauf Məmmədov (2704) təmsil edəcək.

“ShamkirChess 2018”in təntənəli açılış mərasimi aprelin 18-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. 9 turdan ibarət yarışa aprelin 28-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi