“Vüqar Həşimov” klubu Serbiyanın Vranyatske-Bane şəhərində keçirilən şahmat üzrə Avropa Kubokunda bu gün növbəti matçına çıxacaq.
“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi IV turda İsveçrənin “Riksen” klubu ilə üz-üzə gələcək.
Şahmatçılarımız əvvəlki üç turda Norveçin SOSS (5,5:0,5), İsveçin “Lunds” kollektivlərinə (3,5:2,5) qalib gəlib, Rumıniyanın "Superçess" klubuna isə 1:5 hesabı ilə məğlub olublar. “Vüqar Həşimov” komandası 3 turdan sonra 4 xalla 19-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, ümumilikdə 84 klubun yarışdığı Avropa Kubokunda 7 tur oynanılacaq. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov Türkiyənin “Bayegan Pendik Chess”, Günay Məmmədzadə və Gövhər Beydullayeva Serbiyanın “Sirmium Sremska Mitrovitsa”, Ülviyyə Fətəliyeva isə Rumıniyanın “Super Chess” klublarında çıxış edirlər.