"Formula 1" üzrə virtual dünya çempionatında Azərbaycan Qran-prisi iyunun 7-də start götürəcək.
"Report"un məlumatına görə, yarışda ümumilikdə 20 kiberidmançı iştirak edəcək.
Köhnə pilotların sırasına Serxio Peres, Pyer Qasli, Aleks Albon, Antonio Covinatsi, Nikolas Latifi, Şarl Lekler və Lando Norris də qoşulub. İlk iki kiberidmançının virtual dünya çempionatında debütü məhz Bakıdakı yarışa təsadüf edəcək.
Qran-pridə İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Aymerik Laporte, İtaliya "Milan"ının qapıçısı Canluici Donnarumma, Belçika millisi və İspaniya "Real Madrid"inin qolkiperi Tibo Kurtua kimi futbol ulduzları da qüvvələrini sınayacaq.
Bakı vaxtı ilə saat 17:00-da start götürəcək virtual yarış "YouTube", "Twitch", "Facebook", həmçinin tərəfdaş telekanallar vasitəsilə yayımlanacaq. Azərbaycan Qran-prisini ümumilikdə 22 milyondan çox "Formula 1" azarkeşi canlı izləyəcək. Əsas Qran-pridən 2 saat əvvəl isə "Formula 2" və "Formula 3" yarışları keçiriləcək.