Yuxarı

Azərbaycanın veteran cüdoçuları dünya çempionatına hazırlaşır - VİDEO

Veteran cüdoçular ən yüksək yerləri tutmağı hədəfləyirlər

Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycanın veteran cüdoçuları Hollandiyanın Amsterdam şəhərində keçiriləcək dünya çempionatına hazırlaşır. "Cüdo 2012" klubunun üzvü olan veteran cüdoçular "Report"a müsahibəsində sentyabrın 20-də start götürəcək və 4 gün davam edəcək dünya çempionatında ən yüksək yerləri tutmağı hədəflədiklərini bildiriblər.

Xatırladaq ki, bu yaxınlarda klubun veteran cüdoçuları Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında iştirak ediblər. Rəqiblərindən üstün olan Azərbaycanın 5 veteran cüdoçusu Avropa çempionu adına layiq görülüb, 6 idmançı isə mükafatçılar sırasında yer alıb. Komandaların mübarizəsində isə fransalı veteranları məğlub edən "Cüdo 2012" klubunun üzvləri 3-cü yerə sahib çıxıblar.

Cüdoçuların sözlərinə görə, peşəkar idmançı karyerasını başa vuranlar "Cüdo 2012"nin üzvü olaraq burada məşqlərə qatılmaq imkanından yararlana bilirlər. Qeyd olunur ki, veteranların beynəlxalq turnirlərdə iştirakını "Cüdo 2012"ni təsis edən Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov təmin edir.

Veteranlar sırasında əməkdar cüdo məşqçisi Tərlan Həsənov, veteran cüdoçu Fərhad Rəcəbli, 3 qat dünya və Avropa çempionu Zaur Paşayev, 3 qat dünya və 4 qat Avropa çempionu Vüqar Budaqov, 4 qat dünya çempionu Zülfiyyə Hüseynova və bir çox veteran idmançılar məşq edirlər.

Xatırladaq ki, son vaxtlarda Azərbaycan cüdoçularının beynəlxalq yarışlara göndərilməsi ilə bağlı bir sıra problemlər yaranıb. Belə ki, bu günlərdə bir qrup cüdoçu etiraz aksiyası keçirərək Azərbaycan Cüdo Federasiyası tərəfindən beynəlxalq yarışlarda iştirak üçün maliyyənin ayrılmadığını bildirib. Analoji hadisə bu ilin fevral ayında da baş vermişdi.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi