Veselin Topalov: "ABŞ şahmatçısı kifayət qədər yaxşı oynadı"

Veselin Topalov: "ABŞ şahmatçısı kifayət qədər yaxşı oynadı" "Turnir cədvəlində irəliləmək üçün qarşıdakı partiyalarda qələbə qazanmalıyam"
Fərdi
24 Aprel , 2017 20:07
Veselin Topalov: ABŞ şahmatçısı kifayət qədər yaxşı oynadı

Bakı. 24 aprel. REPORT.AZ/ Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2017" turnirində IV turun görüşləri davam edir. Hesabat turunda sabiq dünya çempionu Veselin Topalov ağ fiqurlarla Uesli So ilə heç-heçə oynayıb.

Turnirin mətbuat xidmətindən "Report"a bildirilib ki, bolqarıstanlı idmançı nəticədən razı qaldığını deyib: "Ağ fiqurlarla oynadığıma görə qələbə qazanmaq istəyirdim. Üstünlüyüm çox deyildi. Bununla belə taktikam uğur gətirmədi. So kifayət qədər yaxşı oynadı. Bu mənada mübarizə aparmaq çətinləşdi. Heç-heçə ədalətli nəticə oldu. Ona görə məyus olmuram. Turnir cədvəlində irəliləmək üçün qarşıdakı partiyalarda qələbə qazanmalıyam".

V.Topalov yarışın keçirildiyi Şəmkir şəhərinin gözəlliyindən danışıb. Onun fikrincə, yarışın keçirildiyi məkan özünəməxsus təbiətiylə seçilir: "Gəzməyə o qədər vaxtım olmayıb. Yaşadığım otelin ətrafında gəzirəm. Adətən gün ərzində ən azı bir saat piyada gəzməyi sevirəm. Rahat düşünmək olar. Təşkilatçılara yalnız təşəkkür edə bilərəm. Şəmkirə qədər Azərbaycanda yalnız Bakının gözəlliyini görmüşdüm".

ABŞ təmsilçisi Uesli So IV turda Veselin Topalovun ona qarşı dəqiq oynadığını deyib. Əslən Fillipindən olan şahmatçı sabah cari turnirdə ilk qələbəsini qazanacağına inandığını söyləyib: "Həmişə qələbəyə oynayıram. Amma Şəmkirdə 4 tur ərzində qalib gəlməmişəm. Topalov bu gün çox yaxşı mübarizə apardı. Əslində, bir vəziyyətdə üstünlük qazana bilərdim. Təəssüf həmin gediş olmadı".

Turnirin mətbuat xidməti xəbər verir ki, ABŞ şahmatçısı Uesli So Şəmkirə anası ilə gəldiyini sözlərinə əlavə edib. Əksər yarışlara anası Lotis Keylə yollanan So valideyninin ona dəstək olduğunu söyləyib. 

Son xəbərlər

Orphus sistemi