Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.
"Report" federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, aprel 24-dən 27-dək Bakı Su İdman sarayında təşkil olunacaq yarışda 3-cü idman dərəcəsi olan üzgüçülər iştirak edəcək.
Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst, 50,100, 200 metr məsafələrdə arxasıüstə, brass və batterflyay üsullarda üzəcəklər. Beynəlxalq Üzgüçülük Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasıyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən birincilikdə Bakı və Sumqayıtdan 20-a yaxın klubun və idman cəmiyyətlərinin idmançıları güclərini sınayacaqlar. Bundan başqa, ölkəmizin digər şəhər və rayonlarından da üzgüçülərin turnirə qatılacaqları nəzərdə tutulur. Gəncə, Quba, Şəki, Mingəçevir şəhərlərinin hər birindən 4-5 idmançının Azərbaycan çempionatında iştirakı artıq təsdiqlənib.
Yarışın sonunda qaliblər Gənclər və İdman Nazirliyi. Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən müvafiq diplomlarla təltif olunacaqlar.