Yuxarı
    Bağlamaq

    Ümumdünya Şahmat Olimpiadasına görə Azərbaycana gələcək əcnəbilər üçün viza sadələşdirilir

    Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

    Bakı. 18 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Ümumdünya Şahmat Olimpiadasının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb. 

    "Report"un məlumatına görə, sərəncamla müəyyən edilir ki, Bakı şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

    Aşağıdakı sənədlərdən biri - Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin rəsmi dəvət məktubu, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd viza verilməsi üçün əsas hesab edilir. Bu sərəncamda göstərilən sənədlərdən birinə malik olan şəxslər viza almaq üçün 2016-cı il avqustun 20-dən sentyabrın 20-dək müraciət edə bilərlər.

    Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycana gələcək şəxslərə Azərbaycanın beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat və maliyyə məsələlərini həll etməlidirlər.

    Xarici İşlər Nazirliyinə Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycana gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Şahmat Federasiyasına (FİDE), Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (İATA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək və Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycana gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın nazirliyin, habelə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək tapşırılıb.

    Dövlət Miqrasiya Xidməti isə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycana gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi