Ukraynalı deputat olimpiya çempionu azərbaycanlı güləşçini tərifləyib

Ukraynalı deputat olimpiya çempionu azərbaycanlı güləşçini tərifləyib "Yarışı tamamlayanadək emosiyalara qapılmağa dəyməz"
Fərdi
24 Sentyabr , 2021 13:46
Ukraynalı deputat olimpiya çempionu azərbaycanlı güləşçini tərifləyib
Yan Belenyuk Pərviz Nəsibov

"Pərviz Nəsibovun Tokio olimpiadasında medal götürə biləcəyini kim düşünə bilərdi?. Xüsusilə püşkatma onu rusiyalı dünya çempionu Artyom Surkov, ardınca isə misirli Məhəmməd Əlsayedlə üz-üzə qoyduqdan sonra. Üstəlik, Nəsibov sonuncuya fantastik geridönüşlə qalib gəldi".

"Report"un məlumatına görə, bunu Ukrayna Ali Radasının deputatı, Tokio-2020 Yay Olimpiya Oyunlarında ölkəyə yeganə qızıl medalı qazandırmış yunan-Roma güləşçisi Yan Belenyuk (87 kq) "sport.ua" saytına müsahibəsində deyib.

Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibovun (67 kq) olimpiadada ikinci yeri tutması barədə danışan idmançı-siyasətçi onun çıxışını yüksək qiymətləndirib. Belenyuk 23 yaşlı idmançının əzmkarlıq nümayiş etdirdiyini vurğulayıb: "Nəsibov məğlubiyyətin bir addımlığında idi. Mübarizəni vaxtından əvvəl dayandıra bilərdi. Amma güləşçimiz sonadək müqavimət göstərdi, sonra isə effektiv fəndlər işlətdi. Olimpiadanın yarımfinalında belə geridönüş inanılmazdır".

Belenyukun sözlərinə görə, iranlı Məhəmməd Reza Gerayiyə qarşı final görüşü ertəsi gün keçirilməsəydi, Nəsibov qızıl medal da qazana bilərdi: "Bilirəm ki, Pərviz finala çıxdıqdan sonra bütün gecəni yatmamışdı. Məncə, yarımfinalda qalib gəldikdən sonra onu əhatə edən duyğular idmançını bir az da boşaltdı. Yarışı tamamlayanadək emosiyalara qapılmağa dəyməz. Amma bu, təcrübə tələb edir. Pərvizdə isə bu, yox idi".

Qeyd edək ki, Jan Belenyuk 2019-cu il avqustun 29-dan Ukrayna Ali Radasının deputatıdır.

Son xəbərlər

Orphus sistemi