"Tour d'Azərbaycan-2017"nin ilk mərhələsinin qalibi: "Avropa Oyunlarında da iştirak etmişdim"

"Tour d'Azərbaycan-2017"nin ilk mərhələsinin qalibi: "Avropa Oyunlarında da iştirak etmişdim" "Bugünkü qələbə mənə daha da güvən verdi"
Fərdi
3 May , 2017 15:43
Tour d'Azərbaycan-2017nin ilk mərhələsinin qalibi: Avropa Oyunlarında da iştirak etmişdim

Bakı. 3 may. REPORT.AZ/ "Bu gün Azərbaycanda ən xoşbəxt estoniyalı mənəm. Qalib gəlməyim üçün komandamızın digər üzvləri əllərindən gələni etdilər. İlk planımız ondan ibarət idi ki, starta başlayanda irəli çıxmayaq. Çünki hava kifayət qədər küləkli idi. Axırıncı döngədən sonra isə birinci və ya ikinci yerə çıxmağı düşünürdük və düşündüyümüzü edə bildik". Bunu "Tour d'Azərbaycan-2017" beynəlxalq velosiped turunun birinci mərhələsindən sonra keçirilən mətbuat konfransında ilk mərhələnin qalibi "İsrael Cycling Academy" komandasının üzvü Mikel Raim deyib.

O, birinci mərhələnin qalibi olmasını belə şərh edib: "Axıra yaxın komandamın digər üzvlərindən aralandım. Çünki sonuncu kilometrin çox çətin keçəcəyini bilirdim. Digər komandaların üzvləri mənimlə bərabərləşməyə çalışsalar da, sonuncu 5 km-lik bölümdə sprintə başladıq. Mərhələnin sonuna yaxın komandamızın başqa bir üzvü məni sıxışdırmağa başladı. Ancaq başa düşmürdü ki, biz eyni komandanın üzvləriyik. Sonda qalib gəlməyi bacardım. Bugünkü qələbə tarixi qələbədir".

İdmançı sprinterdə ondan daha yaxşı idmançılar olduğunu vurğlayıb: "Ayaq əzələlərim, ümumi hazırlığım sprintdə yaxşı çıxış etmək imkanı yaradır. Amma ümumiyyətlə, özümü yaxşı sprinter adlandıra bilmərəm. Bu gün yaxşı sprinter kimi də çıxış edə bildiyimi həm özümə, həm də digər yarış iştirakçılarına göstərmək imkanım oldu. Lakin məndən daha ağır çəkili və daha yaxşı nəticə göstərməyə qadir idmançılar var".

Artıq üçüncü dəfədir ki, Azərbaycanda olduğunu deyən M.Raim birinci Avropa Oyunlarına da qatıldığını bildirib. Estoniyalı velosipedçi bu yarışa da son anda dəvət edildiyini və razılıq verdiyini qeyd edib.

"Ümumilikdə hansı qalib köynəyini geyinməkdə fərq görmürəm. Çünki bu köynəkləri əldə etmək üçün yaxşı nəticə göstərmək lazımdır.Bura gəlməmişdən əvvəl üçüncü və axırıncı mərhələlərdə nəticə göstərməyi planlaşdırırdım. Çünki həmin mərhələlərdə rəqiblərim daha az olacaq. Mən qısa məsafədə üzüyuxarı sürməyi daha yaxşı bacarıram. Bugünkü qələbə isə mənə daha da güvən verdi. Güman edirəm ki, növbəti mərhələdə özümü daha yaxşı göstərəcəyəm", deyə velosipedçi əlavə edib.

O, turun qalibinin hansı komanda olacağını proqnozlaşdırmaqda çətinlik çəkib: "İstərdim deyim ki,bizim komanda qalib olacaq. Ancaq burada prokontinental və sürpriz nəticələr göstərə bilən kontinental komandalar var. Ona görə hansı komandanın turun qalibi olacağını deməkdə çətinlik çəkirəm".

Son xəbərlər

Orphus sistemi