Yuxarı
    Bağlamaq

    "Tour d'Azerbaidjan" veloyürüşündə gələn il mərhələlərin sayı artırılacaq

    Builki yarışda Küveyt maliyyə problemləri üzündən təmsil olunmayacaq

    Bakı. 2 may. REPORT.AZ/ Bu gün "Tour d'Azerbaidjan-2017" beynəlxalq velosiped turu ilə əlaqədar Respublika Velotrekində mətbuat konfransı keçirilib.

    "Report"un məlumatına görə, tədbirdə veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti Sahib Ələkbərov və yarışın texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer iştirak edib.

    S.Ələkbərov bildirib ki, bu yarış dünyada Azərbaycanı tanıtmaq baxımından önəmlidir: "Velosiped idmanı başqa idman növlərindən onunla fərqlənir ki, digər yarışlar əsasən qapalı məkanda keçirildikləri halda, bu yarışlar yüz kilometrlərlə məsafəni əhatə edir və düzənlik, dağlıq ərazilərdən, müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərdən keçməklə təşkil olunur. Təbii ki, bu da ölkənin beynəlxalq səviyyədə tanınması, onun görməli yerlərinin, turistləri maraqlandıran məkanların bütün dünyaya təqdim edilməsi üçün çox vacibdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan "Tour d'Azerbaidjan-2017" beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur. Velotur ölkəmizin qəbul edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunları öncəsi dünya idman ictimaiyyətinin diqqətini bir daha Azərbaycana yönəldəcək".

    Təşkilat Komitəsinin sədri əvvəlki turlardan fərqli olaraq, bu dəfə 4-cü mərhələyə Ağsu dolaylarının əlavə olunduğunu vurğulayıb. Federasiya rəsmisi digər fərq kimi builki yürüşün İslam Həmrəyliyi Oyunlar ərəfəsinə təsadüf etdiyini söyləyib. O, turda 18 ölkədən 22 komandanın olacağını, Küveytin isə maliyyə problemləri üzündən təmsil olunmayacağını qeyd edib. S. Ələkbərov Azərbaycanın “Synergy Baku” klubunun güclü və ümidverici velosipedçilərdən ibarət olduğunu diqqətə çatdırıb.

    R.Hoffer 6-cı dəfə təşkil olunan turda 6 kontinental və 16 prokontinental komandanın qatılacağını açıqlayıb. O, AVİF rəhbərliyinin Avropa Velosipedçilər Birliyində bu ildən təmsil olunmasını böyük hadisə adlandırıb. 

    Azərbaycana hər səfərində bir çox müsbət dəyişikliklərin şahidi olduğunu deyən yarışın texniki direktoru Roland Hofer, ölkəmizdə velosiped idmanının günü-gündən inkişaf etməsindən, yeni idman qurğularının tikilməsindən məmnunluğunu bildirib. O qeyd edib ki, Azərbaycanda artıq velosiped idmanının inkişafı üçün gözəl baza yaradılıb, Velopark, BMX stadionu, Dağ Velosipedi parkı, Velotrek istifadəyə verilib. Elə bunun nəticəsidir ki, ölkəmiz 2018-ci ildə velosiped idmanının BMX növü üzrə dünya çempionatına ev sahibliyi edəcək ki, bu da ölkəmizin dünya velosiped aləmində mövqelərinin getdikcə güclənməsinin bariz nümunəsidir.

    Avropalı qonaq 2.1 kateqoriyasının yüksəlməsi üçün digər tələblərin də yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb. S.Ələkbərov isə gələn ildən daha bir mərhələnin əlavə olunmasının mümkünlüyünü söyləyib. O, tələbləri yerinə yetirməklə yanaşı komandanın da hazır olmasının vacibliyini vurğulayıb.

    Qeyd edək ki, 3-7 mayda keçiriləcək "Tour d'Azerbaidjan-2017" beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi 5 mərhələdən ibarət olacaq. Yarışında 18 ölkədən 22 komandanın iştirakı təqdiqlənib. Onlardan da 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 16-sı kontinental komandadır. İştirakçılar I mərhələdə Bakı - Sumqayıt (150 km), II mərhələdə Bakı - İsmayıllı (187 km), II mərhələdə Qəbələ - Şəki - Qəbələ (177 km), IV mərhələdə Qəbələ - Ağsu - Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikîdə 836 km məsafə qət edəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi