"Hamınızı salamlayıram. Tokio olimpiadasına xoş gəlmisiniz".
"Report"un məlumatına görə, bu fikirləri Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində çıxışı zamanı deyib.
Almaniyalı funksioner bildirib ki, bu olimpiada insanların təsəvvür etdiyi yarışdan fərqlənir: "Bu gün Olimpiya kəndində bir tavan altında yaşayan 205 ölkənin nümayəndəsi birlikdədir. İdmanın həmrəylik gücü bundadır".
Bax Təşkilat Komitəsi və Yaponiya hökumətinin Oyunların baş tutması üçün böyük iş gördüyünü söyləyib: "Buna görə onlara bütün olimpiyaçılar adından təşəkkür edirəm. Həmçinin gözəgörünməz qəhrəmanlara, həkimlərə, tibb bacılarına, pandemiyanın qarşısını almağa çalışan yaponlara, könüllülələrə minnətdarıq. Olimpiada qaranlıq tunelin sonunda görünən işıqdır. Pandemiya bizi doğmalarımızdan ayrı saldı".
O, olimpiyaçıların bu yolda ciddi çətinliklərlə üzləşdiklərini vurğulayıb: "Siz də bizim kimi qeyri-müəyyənlik şəraitində yaşamısınız. Nə vaxt məşqlərə başlayacağınızı, növbəti gündə məşqçilərinizi, komanda yoldaşlarınızı görüb-görməyəcəyinizi bilməmisiniz. Buna baxmayaraq, təslim olmamısınız. Buna görə də əsl olimpiyaçısınız. Siz bütün olimpiya ictimaiyyətinə ilham verdiniz. Bizimlə birlikdə olan hər kəsə təşəkkürümü bildirirəm. Bu birlik Oyunlar boyu bizimlə olacaq. Bizim daha böyük həmrəyliyə ehtiyacımız var. Bu, yardım, qarşılıqlı münasibət, qayğıkeşlik deməkdir. Həmrəylik yoxdursa, sülh də olmayacaq".
Qeyd edək ki, Tokio olimpiadası avqustun 8-də başa çatacaq.