Bu gün Azərbaycanın üç idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.
"Report"un məlumatına görə, cüdoçu Uşangi Kokauri 100 kq-dan yuxarı çəki dərəcəsində 1/16 final görüşünü qələbə ilə başa vurub. O, polşalı Matsey Sarnaçkini ipponla yenib.
Lakin növbəti görüşündə Kokauri braziliyalı Rafael Silvaya qızıl xal bölümündə vazari ilə uduzaraq, çıxışlarını başa vurub.
Qadın cüdoçu İrina Kindzerska yarışa 1/8 finaldan qoşulub. 78 kq-dan yuxarı çəkidəki idmançı Larisa Tseriçə (Bosniya və Herseqovina), ardınca isə Min-Cin Hana (Cənubi Koreya) qalib gəlib. Yarımfinalda yaponiyalı Akira Soneyə uduzan cüdoçu bürünc medal qarşılaşmasında çinli Şiyan Xunu ipponlar məğlub edib və olimpiadanın bürünc medalına yiyələnib. Bu, həm də Azərbaycanın Tokio-2020-də ilk medalı olub.
81 kq çəkidəki boksçu Alfonso Dominges 1/4 final mərhələsində türkiyəli Bayram Malkanı məğlub etməklə ən azı bürünc medalı təmin edib.
Kokaurinin də mübarizəni dayandırmasından sonra Azərbaycanın Tokio-2020-də mübarizəni medalsız başa vuran idmançılarının sayı 22-ə çatıb. İki idmançı isə medal qazanıb. Onlardan biri bürünc medal olsa da, digərinin əyarı hələ müəyyənləşməyib.
Medal qazanan
Cüdo: İrina Kindzerska (+78 kq)
Medalı təmin edən
Boks: Alfonso Dominges (81 kq)
Medal qazana bilməyənlər
Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)
Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)
İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova
Boks: Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq).
Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah
Güllə atıcılığı: Emin Cəfərov
Triatlon: Rostislav Pevtsov
Qılıncoynatma: Anna Başta
Badminton: Edi Reski Dviçayo
Velosiped idmanı: Elçin Əsədov