Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 125 kq-da mübarizə aparan Camaləddin Məhəmmədov almaniyalı Gennadi Kudinoviçlə qarşılaşıb.
Rəqibinə məğlub olan Məhəmmədov finala çıxa bilməyib. O, eyni zamanda Tokio olimpiadasına lisenziya şansını da əldən verib. Məhəmmədov bürünc medal uğrunda Xose Vaskes (İspaniya) / Paris Karepi (Albaniya) cütünün qalibi ilə güləşəcək.
Qeyd edək ki, yarışın ilk günündə Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) finala adlayıblar. Yarımfinalda uduzan digər güləşçi İslam Bazarqanov (57 kq) bürünc medal uğrunda mübarizə aparacaq. Təsəlliverici görüşə vəsiqə qazanan Abubakr Abakarov isə Ermənistan təmsilçisi Hovannes Mxitaryanla qarşılaşacaq.
Medal görüşləri martın 19-da keçiriləcək.
Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.
"Report"un məlumatına görə, 74 kq-dakı Hacımurad Hacıyev yarımfinalda rumıniyalı Maksim Vasilioğlunu məğlub edərək, adını həlledici raunda yazdırıb.
Beləliklə, Hacı Əliyevdən (65 kq) sonra H.Hacıyev də Tokio-2020 Yay Olimpiya oyunlarına lisenziya əldə edib. O, qızıl medal uğrunda Avtandil Kentçadze (Gürcüstan) ilə üz-üzə gələcək.
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.
"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Moldova təmsilçisi Maksim Sakultana qalib gəlib.
3 qat dünya və Avropa çempionunu həlledici görüşə vəsiqə qazanmaqla, eyni zamanda Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Titullu idmançının finaldakı rəqibi ermənistanlı Vazgen Tevanyan olacaq.
57 kq-dakı İslam Bazarqanov isə yarımfinalda Georgi Valentinov Vangelova uduzaraq, həm qızıl medal, həm də lisenziya şansını əldən verib. Bazarqanov bürünc medal uğrunda Moldova təmsilçisi Petru Krakiunla qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 15 idmançısı olimpiadaya vəsiqə qazanıb.