Azərbaycanın daha 5 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
"Report"un məlumatına görə, yarışın üçüncü günündə ölkənin ümumilikdə 6 təmsilçisi qüvvəsini sınayıb.
Əvvəlcə triatlonçu Rostislav Pevtsov kişilərin fərdi yarışında çıxış edib. 34 yaşlı idmançı velosipedsürmə, üzgüçülük və qaçış hərəkətlərinin cəmində 1 saat 50 dəqiqə 46 saniyə nəticə ilə 41-ci yeri tutub.
Qılıncoynatma yarışlarında sablyaçı Anna Başta 1/16 finalda ABŞ-dan olan dünya çempionu En-Elizabet Stouna qalib gəlsə də, növbəti raundda rusiyalı Olqa Nikitina ilə bacarmayıb.
Stend atıcısı Emin Cəfərov təsnifat mərhələsinin ikinci günündə finala vəsiqə uğrunda mübarizə aparıb. O, 5 raundun sonunda 116 xalla 30 idmançı arasında 26-cı olub və finala adlaya bilməyib.
Taekvondoçulardan qadınların yarışında Fəridə Əzizova (67 kq) 1/8 finalda ABŞ təmsilçisi Peyc Makfersona uduzub. Rəqibi finala yüksələ bilmədiyindən, Azərbaycanın qadın bayraqdarı təsəlliverici görüşlərə qatılmaq şansını itirərək, olimpiada ilə vidalaşıb.
Milad Beigi Hərçəqani (80 kq) də mübarizəyə 1/8 finaldan başlayıb. Startda Çin Taypeyini təmsil edən Liu Vey-Tinq üzərində qələbə qazanan Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc medalçısı növbəti mərhələdə özbəkistanlı Nikita Rafaloviçə məğlub olub. Rafaloviç yarımfinalda uduzduğundan, Hərçəqani də Əzizova kimi təsəlliverici görüşlərdən kənarda qalaraq, mübarizəni dayandırıb.
Cüdoçuların yarışında isə Azərbaycanın əsas medal ümidlərindən hesab olunan Rüstəm Orucov (73 kq) qüvvəsini sınayıb. 1/16 finalda rusiyalı Musa Moquşkova qalib gələn Avropa çempionu ardınca Tacikistan təmsilçisi Somon Makhmadbekovdan güclü olub. 1/4 finalda yaponiyalı Şohei Onoya uduzan Orucov təsəlliverici görüşdə kosovolu Akil Cakovanı üstələyib. Bürünc medal görüşündə isə o, dünya çempionu An Çanqrimə uduzaraq, 5-ci yerlə kifayətlənib.
Qeyd edək ki, ilk iki yarış günündən sonra Azərbaycanın 10 idmançısı olimpiada ilə vidalaşıb.