"Tofiq Musayevin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramı günü dünya çempionu olması ölkəmiz üçün böyük uğurdur".
"Report"un məlumatına görə, bu sözləri Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Yaponiyanın Saitama şəhərində MMA üzrə "“Rizin Gran Prix 2019” turnirinin qalibi olan Tofiq Musayevin mətbuat konfransında deyib.
İsmayılov bu sevinci yaşatdığı üçün idmançıya təşəkkürünü bildirib: "Ölkəmizdə nəinki olimpiya, eləcə də qeyri-olimpiya idman növlərinə xüsusi diqqət ayrılır. Məhz bu diqqətin nəticəsidir ki, Tofiq Musayev dünya çempionu olmaqla bizi və məşqçilərini sevindirdi. Fürsətdən istifadə edərək, bu sahədə çalışan bütün məşqçilərə də minnətdarlıq edirəm".
Qeyd edək ki, Tofiq Musayev “Rizin Gran Prix 2019” turnirinin həlledici görüşündə “Pitbull” ləqəbli braziliyalı Patrik Freireni məğlub edib.
Vüsal HÜSEYN