Çempionlar Turu: Məmmədyarov və Rəcəbovdan uğurlu start

Çempionlar Turu: Məmmədyarov və Rəcəbovdan uğurlu start Turnir Bakı vaxtı ilə saat 20:00-da start götürəcək
Fərdi
14 Mart , 2021 00:57
Çempionlar Turu: Məmmədyarov və Rəcəbovdan uğurlu start
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində ilk yarış gününə yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçiləri Şəhriyar MəmmədyarovTeymur Rəcəbov "Magnus Carlsen Invitational" adlanan turnirə uğurlu start veriblər.

İlk görüşündə Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edən Məmmədyarov növbəti 2 partiyada rusiyalı Daniil Dubov və ABŞ şahmatçısı Hikaru Nakamura ilə sülh bağlayıb. 4-cü turda niderlandlı Yorden van Forestə qalib gələn 36 yaşlı qrossmeyster son oyunda Maksim Vaşye-Laqrava (Fransa) uduzub.

Teymur Rəcəbov ilk 4 görüşünü sülhlə başa vurub. 34 yaşlı şahmatçı müvafiq olaraq, Aniş Giri (Niderland), Alan Piçot (Argentina), Uesli So (ABŞ) və Levon Aronyanla heç-heçə edib. O, son qarşılaşmada isə Dubov üzərində qələbə qazanıb.

Qeyd edək ki, 5 turdan sonra hərəyə 3 xal toplayan Məmmədyarov və Rəcəbov Vaşye-Laqrav, Dubov və Nakamura ilə birlikdə 4 - 8-ci yerləri bölüşdürür. İlk pillədə isə 4 xalla Aniş Giri qərarlaşıb.

22:53

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində ilk 3 partiya başa çatıb.

"Report"un məlumatına görə, Şəhriyar Məmmədyarov "Magnus Carlsen Invitational" adlanan yarışın ilk görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb.

Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster rəqibinə qalib gəlib. O, 27-ci gedişdə Aronyanı təslim olmağa məcbur edib. İkinci qarşılaşmada rusiyalı Daniil Dubovla sülh bağlayan Məmmədyarov 3-cü turda ABŞ şahmatçısı Hikaru Nakamura ilə də heç-heçə edib.

Rəcəbov isə ilk 3 turda keçirdiyi bütün oyunları heç-heçə ilə başa vurub. O, əvvəlcə Niderland təmsilçisi Aniş Giri, ardınca isə argentinalı Alan Piçot və ABŞ-ı təmsil edən Uesli So ilə sülhə razılaşıb.

Rəcəbov 4-cü turda Levon Aronyan, Məmmədyarov isə Yorden van Forestlə (Niderland) üz-üzə gələcək.

20:20

Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsi start götürüb.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışda Azərbaycanı bu dəfə iki şahmatçı - Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov təmsil edir.

Rəcəbov ilk turda Aniş Giri ilə üz-üzə gəlib. Görüş heç-heçə ilə yekunlaşıb.

Hazırda Şəhriyar Məmmədyarovun Ermənistan təmsilçisi Levon Aronyanla görüşü davam edir.

08:38

Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsi start götürəcək.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışda Azərbaycanı bu dəfə iki şahmatçı - Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov təmsil edəcək. Turnir Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Onlar yarışın ilk günündə 5 rəqiblə üz-üzə gələcək. Şəhriyar Məmmədyarov I turda qara fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşacaq. O, II turda ağ fiqurlarla Daniil Dubov (Rusiya), III turda qara fiqurlarla Hikaru Nakamura (ABŞ) ilə görüşəcək. Təcrübəli qrossmeyster IV turda Yorden van Foresti ağ, (Niderland), 5-ci turda Maksim Vaşye-Laqravı (Fransa) qara fiqurlarla sınağa çəkəcək.

Teymur Rəcəbov ilk iki qarşılaşmasını ağ fiqurlarla keçirəcək. 34 yaşlı qrossmeyster müvafiq olaraq Aniş Giri (Niderland) və Alan Piçotla (Argentina) üz-üzə gələcək. Rəcəbov III turda Uesli So (ABŞ), IV turda isə Levon Aronyanla (Ermənistan) münasibətlərə aydınlıq gətirəcək. Dünya Kubokunun qalibi Soya qarşı qara, Aronyana qarşı isə qara fiqurlarla oynayacaq. Şahmatçı günün son görüşünü qara fiqurlarla Daniil Dubova (Rusiya) qarşı keçirəcək.

"Magnus Carlsen Invitational"

I tur

Levon Aronyan (Ermənistan) - Şəhriyar Məmmədyarov - 0:1

Teymur Rəcəbov - Aniş Giri (Niderland) - 0,5:0,5

II tur

Teymur Rəcəbov - Alan Piçot (Argentina) - 0,5:0,5

Şəhriyar Məmmədyarov - Daniil Dubov (Rusiya) - 0,5:0,5

III tur

Uesli So (ABŞ) - Teymur Rəcəbov - 0,5:0,5

Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov - 0,5:0,5

IV tur

Şəhriyar Məmmədyarov - Yorden van Forest (Niderland) - 1:0

Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan) - 0,5:0,5

V tur

Daniil Dubov (Rusiya) - Teymur Rəcəbov - 0:1

Maksim Vaşye-Laqrav (Fransa) - Şəhriyar Məmmədyarov - 1:0

Qeyd edək ki, "Magnus Karlsen Invitational" Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Report" İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanacaq. İlk yarış günündə aparıcı, beynəlxalq qrossmeyster Vasif Durarbəylinin qonağı şahmat üzrə Azərbaycan yığmasının keçmiş üzvü Zeynəb Məmmədyarova olacaq.

Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.

Son xəbərlər

Orphus sistemi