"Məşhur idmançılardan heç kimi əzişdirmək istəmirəm".
"Report"un məlumatına görə, bunu Azərbaycanın MMA döyüşçüsü Tahir Abdullayev Bakı Dayaq Mərkəzində keçirilən mətbuat konfransında deyib.
"Tank" ləqəbli idmançı bildirib ki, döyüşmək istədiyi xüsusi rəqib yoxdur: "Bu ay BƏƏ-nin paytaxtı Əbu Dabidə keçirilən "UAE Warriors" turnirində döyüşüm olacaq. Sualınıza gəlincə, deyərdim ki, bir turnirdə idmançı ilə döyüşməli idim. O, mənimlə döyüşmədi deyə, kəmər üçün mübarizəyə qatıla bilmədim. Buna görə çox təəssüflənirəm. Amma ümumilikdə məşhur idmançılardan hər hansınısa əzişdirmək kimi bir istəyim yoxdur".
Abdullayev uğura gedən yolda gənclərin nə etməli olduğunu bildirib: "Səbirli olmaq lazımdır və məqsədin olmalıdır. Heç nəyə fikir vermədən məqsədə doğru irəliləməlisən. Özüm də Moskvada doğulmuşam. İdmandan başqa, bizneslə də məşğul oluram".
Qeyd edək ki, Bakı Dayaq Mərkəzində baş tutan görüş “Davam” Gənclər Hərəkatı, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi və Diaspor İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Görüşdə idmançılarla yanaşı diaspor fəalı Musa Moylam, media nümayəndələri və gənclər iştirak edib.
Görüş barədə çıxış edən Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili Prezident İlham Əliyevin Azərbaycanda idman və gənclərlə bağlı yürütdüyü uğurlu siyasətdən söz açıb. O, həmçinin xaricdə yaşayan idmançıların Bakıya səfərinə dəstək olan Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.



