Yuxarı

Su İdmanı Mərkəzi əhalinin istifadəsinə verilib

İdman kompleksində Oyunlardan sonra bəzi dəyişikliklər edilib

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında üzgüçülük, sinxron üzgüçülük və suya tullanma yarışlarına ev sahibliyi edən Su İdmanı Sarayı artıq əhalinin istifadəsinə verilib. "Report"un məlumatına görə, idman kompleksində Oyunlardan sonra bəzi dəyişikliklər edilib.

Burada müxtəlif növ idman məşqləri ilə məşğul olmaq mümkündür. Ümumi sahəsi 2 500 m² olan fitnes mərkəzi müxtəlif idman növləri üçün nəzərdə tutulub. Ümumilikdə, 8 zalı olan fitnes mərkəzində əlavə olaraq rəqs, yoqa, pilates, zumba, sayklinq qrupları və s. məşqlər üçün 155 m² sahə ayrılıb.

İdman kompleksində həm peşəkar, həm də həvəskar üzgüçülər üçün nəzərdə tutulan hovuzlar ən son texnologiya və standartlara uyğun olaraq tikilib. Hovuzun suyu daimi olaraq dövriyyə prosesi zamanı xüsusi avadanlıqlarla, dərinlik isə müasir texnologiya ilə tənzimlənir. Yarışlar üçün nəzərdə tutulan Olimpiya hovuzunun uzunluğu 50 metr, eni 25 metr, dərinliyi isə 3 metrdir. Suya tullanma hovuzunun uzunluğu 25 metr, eni 20 metr, dərinliyi isə 6 metrdir. Üzgüçülüyü öyrənmək istəyən həvəskarlar isə eni 50, uzunluğu 25 metr olan 20 sıradan ibarət hovuzdan istifadə edə biləcəklər.

Kompleksdə 4-16 yaşlı uşaqlar üçün qrup məşqləri də keçirilir. Bundan əlavə valideynlər körpələrini xüsusi uşaq guşəsinə etibar edərək xidmətlərdən rahat şəkildə yararlana bilərlər.

İdman mərkəzində gözəllik salonu, SPA, terapiya və masaj kabinələri mövcuddur. Burada sauna, buxar otağı, müxtəlif effektli duş kabinələri və cakuzidən istifadə etmək mümkündür.

Kompleksdə restoran da fəaliyyət göstərir ki, burada idmançılar üçün yeməklər təqdim olunur. Su İdmanı Kompleksinin ətrafında 500 avtomobilin parkinqi üçün dayanacaq nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi