Sidney olimpiadasında qazanılmış nailiyyətin 20 illiyi qeyd olundu

Sidney olimpiadasında qazanılmış nailiyyətin 20 illiyi qeyd olundu Fərid Mansurov Namiq Abdullayevə Tokio olimpiadasında yığmaya qızıl medal qazandırmaqla, həm idmançı, həm də baş məşqçi kimi ilkə imza atmağı arzulayıb
Fərdi
316
25 Sentyabr , 2020 13:38
Sidney olimpiadasında qazanılmış nailiyyətin 20 illiyi qeyd olundu

Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) ilə birgə videokonfrans təşkil edib.

"Report"un məlumatına görə, tədbir Azərbaycan yığmasının 2000-ci il Sidney Yay Olimpiya Oyunlarındakı uğurlu çıxışının 20 illik yubileyinə həsr olunub. Tədbiri açan AİJF prezidenti Qabil Mehdiyev qızıl medal qazanan stend atıcısı Zemfira Meftahəddinova və sərbəst güləşçi Namiq Abdullayevin ADBTİA məzunu olduqlarını xatırladıb.

Sonra "Sidney-2020"dən bəhs edən süjet nümayiş etdirilib.

ADBTİA-nın rektoru Fuad Hacıyev istər olimpiya çempionları, istərsə də bürünc medal əldə etmiş boksçu Vüqar Ələkbərovun Azərbaycanı Sidney olimpiadasında şərəflə təmsil etdiyini söyləyib. O, əldə olunan uğurlarda Milli Olimpiya Komitəsinin prezidenti və dövlət başçısı İlham Əliyevin rolunu vurğulayıb. Hacıyev olimpiya mükafatçılarını qəhrəmanlar adlandırıb: "Hamı gəlib-gedəcək, amma tarixdə qəhrəmanlar qalacaq. Siz də bizim qəhrəmanlarımızsınız, hər bir insan üçün vətənpərvərlik, mübarizlik nümunəsisiniz. Mən də güləşçi olmuşam, amma sizin nailiyyətinizi göstərə bilməmişəm. Çünki bu, çətin prosesdir".

Rektor bu il 90 illiyini qeyd edən akademiyanın artıq bir çox nailiyyətlərə imza atdığını açıqlayıb. İdman zallarının əsaslı təmirdən sonra açıldığını deyən rektorun sözlərinə görə, ADBTİA-ya qəbul sayı yetərincə artıb: "ADBTİA-nın keçid balı 118 olub, akademiyanın ümumi büdcəsi və müəllimlərin əmək haqqı artıb. Son bir ildə müəllim heyətinin maaşı 40 faiz artıb".

Meftahəddinova çıxışında olimpiya çempionluğunun təkcə özünün yox, hamının qələbəsi olduğunu bildirib. O, əməyi olan hər kəsi təbrik edərək, Azərbaycan xalqına daha böyük qələbələr arzulayıb.

Abdullayev qızıl medalı 20 il əvvəl yox, sanki dünən qazandığını diqqətə çatdırıb. O, əldə olunmuş nailiyyətin arxasında böyük əməyin olduğunu bildirib: "1996-cı il Atlanta olimpiadasında hakim haqsızlığı üzündən qızıl medal qazana bilməmişdim. Finalda hakimlərin bolqarıstanlı rəqibimə köməyi, mənə isə qərəzli münasibəti üzündən gümüş medalla kifayətlənməli olmuşdum. Bununla belə, ulu öndər Heydər Əliyev gümüş medalımı "qızıl" kimi qəbul etdi. Bizimlə görüşdə dövlət başçısına söz verdim ki, növbəti olimpiadada qızıl medal qazanacağam və bunu yerinə yetirdim. Sidneydə çox gözəl, möhtəşəm qələbələr qazandıq. İdmançılar arasında Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin də olması, onun Olimpiya Kəndinə gələrək, dəstək verməsi bizi ruhlandırdı. Bakıya döndükdən sonra ulu öndərimiz bizə "Şöhrət" ordeni, digər mükafatlar, o cümlədən, pul mükafatı təqdim etdi".

Milli komandaya baş məşqçi təyinatı barədə də danışan Abdullayev Tokio olimpiadasında daha böyük nailiyyətlərə imza atmaq üçün əlindən gələni edəcəyini vurğulayıb.

Ələkbərov indiyədək iki universitet bitirdiyini və üçüncü ali təhsil kimi ADBTİA-nı bitirmək istədiyini əlavə edib. Qazanılan uğurların davamlı olmasını arzulayan sabiq boksçu Sidney-2020-də yaşadıqları hissləri uzun müddət unutmayacağını söyləyib.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov Sidneydə qazanılmış qələbələrdən ruhlandığını və 2004-cü il Afina Yay Olimpiya Oyunlarında qızıl medal əldə etdiyini söyləyib. O, Namiq Abdullayevə Tokio olimpiadasında yığmaya qızıl medal qazandırmaqla, həm idmançı, həm də baş məşqçi kimi ilkə imza atmağı arzulayıb.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov paytaxt idmançıları və gəncləri adından hər 3 idmançını təbrik edib.

Son xəbərlər

Orphus sistemi