Bakı. 25 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanından olan Asil əl-Həməd ilk dəfə "Formula-1" maşınını sürən qadın kimi ölkə tarixinə düşüb.
"Report"un "Formula-1"in rəsmi saytına istinadən verdiyi məlumata görə, "Pul Rikard" trasında keçirilmiş Fransa Qran-prisi çərçivəsində Səudiyyə Ərəbistanı Avtomobil İdmanı Federasiyasının qadın təmsilçisi 2012-ci il versiyası olan "Lotus-Renault" maşınında bir dövrə vurub.
Yürüşdən sonra əl-Həməd bildirib ki, qadınlar üçün mümkünsüz heç nə yoxdur: "Biz təkcə adi maşınları deyil, "Formula-1" maşınlarını da sürə bilərik".
Qeyd edək ki, Səudiyyə Ərəbistanı iyunun 24-dən başlayaraq qadınlara təkbaşına maşın sürməyə icazə verib. Bundan öndə ölkədə qadınlara sürücülük vəsiqəsi almağa izn verilib.