Yuxarı

​Şəhriyar Məmmədyarov: "Sabah qələbəni rəsmiləşdirmək istəyirəm"

Çünki bazar günü üçüncü oyunu keçirmək istəmirəm

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokundakı ilk oyununda Pouya İdani üzərində qələbə qazanıb.

"Dünya Kuboku-2015"in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təcrübəli şahmatçı iranlı rəqibi üzərində qələbəni belə şərh edib: “İlk oyunlar həmişə çətin keçir. Üstəlik, rəqibim də çox güclü idi. O, gənclər arasında dünya çempionudur. Çətin oyun alındı. Amma mübarizə aparıb, qələbə qazandım. Sabah yenidən üz-üzə gələcəyik. Əlimdən gələni edəcəyəm ki, sabahkı görüşdə də qələbə qazanım. Çünki bazar günü üçüncü oyunu keçirmək istəmirəm. Növbəti mərhələyə vəsiqəni artıq sabah rəsmiləşdirmək istəyirəm”. 

Bundan başqa, qara fiqurlarla braziliyalı Rafael Leitao ilə heç-heçəyə razılaşan çinli şahmatçı Hou Yifan Dünya Kubokundakı debüt matçını belə şərh edib: “Əslində, bugünki rəqibimin oyununu uzun illərdir təhlil edirəm. Amma bu günə qədər onunla qarşılaşmamışdım. Debütdə hər şey sakit idi. Sonradan gərgin vəziyyət yarandı. Maraqlı gedişatlar oldu. Rəqib üstünlüyə yiyələnməyə çalışırdı. O bunu bacarsaydı, mənim üçün asan olmayacaqdı. Sonda hər şey normal bitdi”.

Xanım şahmatçı qeyd edib ki, bu, onun ölkəyə ilk səfəri deyil: “Bakıda olmamışam. Amma Naxçıvanda keçirilən şahmat turnirinə qatılmışdım. Burada olduğum müddətdə Bakını gəzdik. Çox gözəl şəhərdi. Üstəlik, insanlar da qonaqpərvərliyi ilə seçilir”.

Çinli idmançı turnirlə bağlı bunları deyib: “Bu yarış çox əhəmiyyətlidi. Qaldığımız otelin, eləcə də yarışın keçirildiyi zalın şəraiti çox yaxşıdır. Turnir iştirakçılarının sayı çox olsa da, sıxlıq yoxdu. Oyunçular rahat şəkildə hərkətə edə bilirlər. Bu da oyunlara köklənmə baxımından müsbət məqamdı”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi