Yuxarı
    Bağlamaq

    ​Şəhriyar Məmmədyarov: "Daha "Azərbaycandakı yarışlar mənim üçün uğurlu olmur" deməyəcəyəm" - MÜSAHİBƏ

    Qələbəmi Vüqar Həşimova həsr edirəm

    Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycanın mərhum qrossmeysteri "ShamkirChess2016" superturnirinin qalibi Şəhriyar Məmmədyarov yarışın rəsmi saytının suallarını cavablandırıb. "Report" 31 yaşlı şahmatçının müsahibəsini təqdim edir.

    - Sizi qələbə münasibətiylə təbrik edirik. Müsahibəyə ShamkirChess2016-nın yekunlarıyla bağlı başlamaq istərdik...

    - Ardıcıl üçüncü dəfə keçirilən yarışda bu dəfə qalib olmaq bizə nəsib oldu. Qələbəni sözlə ifadə etmək çətindir. Sözsüz ki, çox xoşdur. Yarışa o qədər də yaxşı başlamamışdım. Bununla belə, ümidimi itirmirdim. Şəmkirə gələndə də düşünürdüm ki, niyə bizim şahmatçılar çempion olmasın? Niyə biz yarışı birinci pillədə başa vurmayaq? Ölkəmizdə keçirilən yarışda qələbə daha şirin olur. Turnir mənim üçün uğurla başa çatdı. Şəmkir yarışı zamanı mənə dəstək olan bütün insanlara təşəkkür edirəm. İnanın ki, oyun zamanı da bu dəstəyi hiss etmişəm və o, mənə qələbə qazanmağa kömək olub.

    - Hansı turdan sonra Şəmkirdə qələbə qazanacağınıza inam daha da artdı?

    - 8-ci turda Fabiano Karuana üzərində qələbədən sonra. Karuana çox güclü şahmatçıdır. FİDE reytinqində 2-3-cü yerlərdə qərarlaşıb. Ona qarşı qara fiqurlarla çıxış etmək asan deyil. 8-ci turda Karuananı məğlub edəndən sonra inam daha da artdı. Düşündüm ki, çempionluğa çox yaxınam. Son turda Aniş Girini məğlub etmək lazım idi. 9-cu turda qarşıya qoyulan məqsədə çatdım. Karuana ilə xalımız bərabər olduğu üçün tay-brek qaçılmaz oldu. Tay-brek futbolda penalti kimidir. Bununla belə tay-brekdə də uğur qazanaraq qalib oldum.

    - "ShamkirChess2016" Şəhriyarın həyatında nəyi dəyişəcək?

    - Daha "Azərbaycandakı yarışlar mənim üçün uğurlu olmur" deməyəcəyəm. Şəmkirə qədər elə düşünürdüm. Ölkədəki yarışlarda hər zaman reytinq itirmişəm. "ShamkirChess2016" yanlış düşündüyümü göstərdi. Digər tərəfdən, indiyə qədər Azərbaycan şahmatçıları 20-ci kateqoriyalı superturnirdə çempionluq sevinci yaşamayıb. Bu da ilk oldu. Teymur Rəcəbovla mən bir sıra yarışlarda qalib olmuşuq. Bəzən Veyk-An-Zee və ya başqa turnirdə şərikli olaraq 1-2-ci yerləri bölüşdürmüşük. Lakin tək çempionluq olmamışdı. Şəmkirdəki qələbə bu mənada bizim üçün çox vacib idi.

    - İstirahət günündən sonra oyunun dəyişdi. Bəlkə bir günlük istirahətə ehtiyacın var idi?

    - Bəzən düşünmək vacibdir. İstirahət günümüz çox maraqlı oldu. Təşkilatçılar hər məqamı diqqətdə saxlamışdı. Səhər Şəmkirdə şahmatla məşğul olan yeniyetmələrə seans keçdik. Sonra futbol oynadıq. Düzdü, şahmatçıların komandasının oyunu o qədər uğurlu olmadı. İlk görüşdə uduzduq. Ardınca Sergey Karyakinlə Göy-gölə getdik. Maraqlı gün keçirdik.

    - Qələbəni kimə həsr edirsiniz?

    - Şəmkir yarışında hamını birləşdirən bir ad var - Vüqar Həşimov. İştirakçılar, təşkilatçılar, qonaqlar Vüqar Həşimovun adına toplaşıb. Vüqar həmişə Azərbaycan şahmatçılarının qələbəsini arzulayıb. Çox vaxt uğur qazanmaq üçün birgə çalışmışıq. Şəmkirdəki qələbə vaxtı Vüqarla birlikdə Serbiyada ilk Avropa çempionluğu qazandığımız günlər yadıma düşdü. Vüqar hər zaman bizimlədir. Ona görə də qələbəmi Vüqar Həşimova həsr edirəm.

    - Artıq Şəmkirdə də sənin çoxlu sayda azarkeşlərin var...

    - Şəmkirdə şahmatı çox sevirlər. Saatlarla davam edən oyun zamanı zalda çoxlu sayda adam olurdu. Bütün qonaqlara eyni səviyyədə yüksək diqqət göstərilirdi. Çətin dönəmdə belə Vüqar Həşimovun xatirə turnirini təşkil edən insanlara təşəkkür edirəm. Əvvəlki illərdə olduğu kimi turnir yüksək səviyyədə təşkil olunmuşdu.

    - 2016-cı il Azərbaycan şahmatı üçün çox vacibdir. Payızda Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası keçiriləcək...

    - Bakı ilk dəfə Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Çox böyük yarışdır. Şahmatçılar məsuliyyəti başa düşür. Tezliklə olimpiadaya hazırlığa başlayacağıq. Olimpiadaya qədər istirahət barədə düşünməyəcəyik. Hər zaman olduğu kimi bu dəfə də hamını sevindirməyə çalışacayıq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi