Sambo millisinin dünya çempionatından medalsız qayıtmasının səbəbləri açıqlanıb

Sambo millisinin dünya çempionatından medalsız qayıtmasının səbəbləri açıqlanıb Vahid Tarverdiyev: "Pandemiya vaxtı bir neçə yarışı buraxmalı olduq"
Fərdi
16 Noyabr , 2021 12:43
Sambo millisinin dünya çempionatından medalsız qayıtmasının səbəbləri açıqlanıb

"İdmançılar normal güləşdilər. 88 kq-dakı Ceyhun Hüseynov üçüncü yer uğrunda qarşılaşmada məğlub oldu. O, güclü rəqiblərə qalib gəlsə də, bürünc medal görüşündə öndə olduğu halda, qələbəni əldən verdi".

Bu fikirləri "Report"a açıqlamasında sambo üzrə Azərbaycan millisinin baş məşqçisi Vahid Tarverdiyev Özbəkistanın paytaxtı Daşkənddəki dünya çempionatı barədə danışarkən deyib.

Mütəxəssis yarışdan medalsız qayıtmalarını pandemiya və püşklə əlaqələndirib. O, Hüseynovun görüşləri arasındakı vaxtın az olmasından da şikayətlənib: "Bürünc medal qarşılaşmasınadək cəmi 7 dəqiqə dincələ bildi. Hüseynov bütün gücünü Türkmənistan təmsilçisi ilə döyüşdə sərf etmişdi. Bürünc medal uğrunda isə iranlı rəqibinə 5:7 hesabı ilə uduzdu".

Tarverdiyevin sözlərinə görə, uzun müddət yarışların keçirilməməsi də nəticələrə ciddi təsir edib: "İdmançılar məşq edirdilər, hazırlıq səviyyələri də pis deyildi. Lakin yarışlarda iştirak edib, təcrübə toplamaq tam başqadır. Pandemiya vaxtı bir neçə yarışı buraxmalı olduq".

Baş məşqçi mundialda hakimlərin ədalətsizliyi ilə üzləşmədiklərini sözlərinə əlavə edib: "Düzdür, yerli idmançılara az da olsa, güzəşt edilir. Buna baxmayaraq, mundialda elə də güclü haqsızlıqlar olmadı. Sadəcə, samboçularımız ilk görüşdəcə güclü idmançılarla güləşdilər. 79 kq-dakı Abdulla Abdullayev 3 qat dünya çempionuna rəqib olmuşdu. Demək olar ki, rəqiblərimizin heç biri zəif deyildi. Samboçularımız da pis güləşmədilər, amma bəzi çatışmazlıqlar var ki, onların üzərində işləməliyik. Çalışacağıq ki, irəlidəki yarışlarda nəticələrimiz yüksək olsun. İdmanda hər şey olur. Səhvləri düzəltməyə çalışacağıq".

Tarverdiyev 2022-ci ilin əvvəlində Azərbaycan çempionatı keçirmək istədiklərini də söyləyib. O, çempionatın nəticələrinə əsasən, yığma komandaların formalaşacağını diqqətə çatdırıb: "Federasiyamız yarış keçirmək üçün Gənclər və İdman Nazirliyinə müraciət edib. Ümid edirik ki, icazə veriləcək".

Qeyd edək ki, Azərbaycan yığması Daşkənddəki dünya çempionatında 5 idmançı ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi