Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə şahmat üzrə 14, 16 və 18 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatının qalibləri müəyyənləşib.
Federasiyadan "Report"a verilən məlumata görə, 8,5 xal toplayan Dinara Hüseynova və hesabında 9 xal olan Paşam Əlizadə 14 yaşadək iştirakçılar arasında çempion olublar.
Gəncə təmsilçisi Səadət Bəşirli ikinci yeri tutub. 14 yaşadək oğlanların birinciliyində Yunis Mahmudzadə gümüş medal qazanıb. Məryəm Ağaverdiyeva 8 xalla ilk "üçlüy"ü qapayıb. Kənan İsbatov 7,5 xalla bürünc medalçı olub.
10 xal toplayan Sumqayıt şahmatçısı Nurtən Nuriyeva 16 yaşadək qızlar arasında qalib adını qazanıb. Gəncə şahmat məktəbinin yetirməsi Leyla Budaqova 9,5 xalla ikinci yerlə kifayətlənib. Ayan Hüseynli 8 xalla üçüncü yeri tutub. Bu yaş kateqoriyasında oğlanların mübarizəsində Tunar Davudov 9,5 xalla turniri birinci yerdə başa vurub. Şəki şahmatçısı İslam Hacıəliyev və Səid Zeynalov müvafiq olaraq ikinci və üçüncü olublar. 18 yaşadək oğlanların yarışında Şiroğlan Talıbov hamıdan çox xal toplayıb – 7,5 xal. Şahin Vəliyev gümüş, Orxan Bağırov bürünc medala yiyələnib.
Yarışın bağlanış mərasimində Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Faiq Həsənov qalib və mükafatçıları təbrik edib, onlara beynəlxalq yarışlarda uğurlar arzulayıb.
Ölkə çempionatlarında ilk üç yeri tutan şahmatçılar Gənclər və İdman Nazirliyinin diplom və medalları ilə təltif olunublar. Çempionatın qalibləri müvafiq yaş qruplarında dünya çempionatına, ikinci yeri tutanlar isə Avropa çempionatına ezam ediləcəklər.