Yuxarı
    Bağlamaq

    Sahib Ələkbərov: “Tour dAzerbaidjan"a daha bir mərhələnin artırılması müzakirə olunur"

    Velosipedçilər Pirquludan qayıdandan sonra dincəlməyə getdilər, biz isə qonaqlarla Xızı dağlarına yollandıq

    Bakı.8 may. REPORT.AZ/ "Çox yaxşı yarış oldu. İlk dəfə “Azərbaycan turu”nda bu qədər dəyişkən hava ilə üzləşdik. Yağış da yağdı, dolu da. Amma təbiət hadisəsi tura rəng qatdı. Əsas odur ki, komandalar həvəslə bu yarışda çıxış etdi. Mərhələlər üzrə fərqli qaliblərimiz oldu".

    "Report"un məlumatına görə, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

    Yarışın texniki direktoru Roland Hoferə, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikova, polisimizə, yerli icra hakimiyyətlərinə və jurnalistlərə minnətdarlığını bildirən S.Ələkbərov Azərbaycanın dünyada tanıdılması anlamında daha bir addım atdıqlarını söyləyib. O, gələn il “Tour d’Azerbaidjan”a daha bir mərhələnin əlavə olunma ehtimalından danışıb: "Ağsu mərhələsi ilk dəfə tura salınmışdı. “Süpürgə” maşınından dolaylarda neçə velosipedçiyə yardım etdiyini soruşdum. O da yalnız birinə kömək etdiyini söylədi. Çox gözəl mənzərələr TV-lərdə nümayiş etdirildi. Düşünürəm ki, dolaylar velosipedçilərin də xoşuna gəldi. Azərbaycanı dünyaya tanıtmaq mənasında daha bir addım atdıq. “Azərbaycan turu”na daha bir mərhələnin artırılması müzakirə olunur. İdmançılar Pirquludan qayıdandan sonra dincəlməyə getdi. Biz isə qonaqlarla Xızı dağlarına yollandıq. Həmin marşrut qonaqlarımızın çox xoşuna gəldi. Bu yollar yarış üçün çox əlverişlidir. Kəskin enişlər və yoxuşlar, sərt döngələr var. Gələn il çox maraqlı yarışın baş tutacağını düşünürəm. Bu nəticəni gözləyirdim".

    AVİF prezidenti "Synergy Baku"nun üzvü Kirill Pozdnyakovun 5 mərhələnin yekununda qalib olmasını yüksək qiymətləndirib: "Komandamız gəncləşib və bu üzdən müəyyən çətinliklərlə üzləşmişik. Ancaq şadam ki, Pozdnyakov ümidlərimizi doğrultdu. Bu, hələ başlanğıcdır. Bu heyətlə daha böyük uğurlara imza atacağıq. Buna qədər iki dəfə komanda şəklində qalib gəlmişdik. Mənim üçün hər bir uğur şirindir. 6 pro-kontinental komandanın iştirak etdiyi yarışda, təcrübəli rəqiblərlə mübarizədə Kirillin 1-ci yeri tutması böyük uğurdur. Kirill məsuliyyətini hiss edən idmançıdır. Ona böyük ümidlərim var. Ancaq velosiped idmanı yalnız fərdi mübarizədən ibarət deyil. O, bu uğura təkcə özü yox, komanda üzvlərinin yardımı nəticəsində nail olub. Başqa beynəlxalq yarışlar da keçirməliyik. Amma ilk növbədə idmançılarımızı yetişdirməli və bazamızı inkişaf etdirməliyik. Bunun üçün müəyyən maliyyə vəsaiti tələb olunur. Dövlətin dəstəyi çox böyükdür. Belə dəstək olmasaydı, bu miqyasda yarış keçirə bilməzdik. Amma hər şeyi ölçüb-biçməliyik. Hədəflərimizi doğru müəyyənləşdirməliyik. İrəliyə doğru addım-addım gedirik".

    S.Ələkbərovun sözlərinə görə, “Synergy Baku”nun heyətinə güclü legionerlər cəlb oluna bilər: "Biz bütün variantlara baxırıq. Amma biz ilk növbədə özümüzünküləri yetişdirməliyik. 2015-ci ilin mayında cənab prezident İlham Əliyev Veloparka gələndə heyətdə azərbaycanlı idmançı olub-olmadığını soruşdu. Mən də 16 idmançıdan 12-nin yerli velosipedçi olduğunu dedim. Ölkə başçısı buna çox sevindi. Gənc velosipedçilərimiz yetişməkdədir. Bu yaxınlarda yeniyetmələr Polşadan yarışdan qayıdıb. İlk dəfə bu turnirdə iştirak etmələrinə baxmayaraq, çox yaxşı çıxış ediblər.

    Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov isə yarışın yüksək səviyyədə keçdiyini vurğulayıb: "İlk dəfə deyil ki, bu yarışda qonaq oluram. Yarış yüksək səviyyədə keçdi. Növbəti dəfə təşkilatçıların kateqoriyanı yüksəltmək haqda düşünəcəklərini fikirləşirəm. Bunun üçün hər cür imkanınız var. Əminəm ki, yaxın zamanlarda “Azərbaycan turu”nun kateqoriyası yüksələcək".

    turun texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer çox yaxşı və gərgin mübarizə şəraitində keçən yarış izlədiklərini söyləyib: "Sevindirici haldır ki, qəzalar az oldu. Bu da velosipedçilərin inkişafından xəbər verir. İdmançılar otellərdən çox razı qaldılar. Azərbaycan velosipedçisinin qalib gəlməsi fantastik oldu. Ümumilikdə “Azərbaycan turu” haqda çox müsbət fikir formalaşıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi