Yuxarı

​Sahib Ələkbərov: "İsmayıllıda velosiped zavodunun açılışı maliyyə problemlərinə görə yubanır"

Bu, yalnız Maksim Averinin yox, bütün komandanın uğurudur

Bakı. 5 may. REPORT.AZ/ "Biz hər zaman uğur qazanacağımıza inanırıq. Dünən komanda hesabına "Synergy Baku" 2-ci oldu, bu gün isə 1-ci yerə qalxdı. Həmçinin, Maksim Averin finişi birinci keçdi. Buna görə qürur duyuruq". "Report"un məlumatına görə, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov "Tour d’Azerbaidjan-2016" veloyürüşünün 2-ci mərhələsi başa çatdıqdan sonra jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəsmisi ölkə təmsilçilərinin bütün mərhələlərdə uğurla çıxış edəcəyini düşündüyünü bildirib: "Deməzdim ki, sabah marşrutun böyük hissəsində dağlıq ərazilərdən keçəcəyik. Əsas dağ mərhələsi Pirquluya gedən yol hesab olunur. Düşünürəm ki, idmançılarımız orda da sözünü deyə biləcək. Burada daha çox komanda yarışı gedir. Vaxta görə ötüşmədə fərdi mübarizə ön plana çıxır. Bu mərhələlərdə isə kimisə fərqləndirmək olmaz. Hər mərhələdə komanda bir nəfər üçün işləyir, onu irəli aparır. Bu, yalnız Maksimin yox, bütün komandanın uğurudur".

S.Ələkbərov təşkilati işlərdən də söz açıb. O, təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə olduğunu söyləyib: "Təşkilat Komitəsinin sədri kimi bu suala cavab verməyə çətinlik çəkirəm (gülür - red.). Müəyyən fikir səsləndirsəm, təvazökarlıqdan kənara çıxmış olaram. Təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil olunub. İlk 2 mərhələdə hər hansı problemlə üzləşməmişik. Hesab edirəm ki, bu, çox yaxşı haldır".

Vitse-prezidentin sözlərinə görə, velosiped idmanını bölgələrdə inkişaf etdirmək üçün 2-3 ildir ciddi işlər aparılır: "Amma normal velosipedçinin yetişməsi üçün azı 7 il vaxt lazımdır. Komandamızın geniş adı “Synergy Baku Cycling Project”dir, yəni bu, velosiped layihəsidir. Burda yalnız komandanın qarşısına vəzifə qoyulmayıb ki, yarışlarda iştirak edərək qələbələr qazansınlar. Məqsədlərimizdən biri də gənc velosipedçiləri yüksək səviyyəyə çatdırmaqdan ibarətdir. 23 yaşadək velosipedçilər arasında çox yüksək nəticələrə imza atmış idmançılarımız var. Onlardan Samir Cəbrayılov, Kənan Qəhrəmanlı və Elgün Əlizadənin adını çəkə bilərəm. Artıq bu ildən Samir böyüklərin qrupuna keçir. İki ildən sonra bu velosipedçilər əsas heyətdə yer alacaq. Əsas məqsədlərimizdən biri də budur. Bu, bizim üçün prioritet sahədir". 

S.Ələkbərov bildirib ki, İsmayıllıda istifadəyə veriləcək velosiped zavodu kommersiya layihəsidir: "İsmayıllı rayon rəhbərliyi ilə bu mövzuda söhbətimiz oldu. Dedilər ki, bu il zavod istifadəyə veriləcək. Ancaq yaranmış maliyyə problemlərinə görə açılış bir qədər yubanır. Zavodda işlərin böyük hissəsi başa çatıb, avadanlıqlar gəlib. 2-3 aya zavodun fəaliyyətə başlayacağı gözlənilir. Orada uşaq velosipedindən tutmuş, ən yüksək səviyyəli idman velosipedlərinə qədər istehsal olunacaq. Bura həm dağ, həm də trek velosipedləri daxildir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi