Sahib Ələkbərov: “Bakı dünya çempionatını qəbul etməyə tam hazırdır”

Sahib Ələkbərov: “Bakı dünya çempionatını qəbul etməyə tam hazırdır” "Azərbaycan ABŞ kimi bir ölkə ilə yanaşı bu məsul yarışı keçirir"
Fərdi
30 Oktyabr , 2017 16:11
Sahib Ələkbərov: “Bakı dünya çempionatını qəbul etməyə tam hazırdır”
Report.az

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Bu gün tam əminliklə deyə bilərik ki, Bakı təşkilatçılıq baxımından dünya çempionatını qəbul etməyə tam hazırdır”. “Report” xəbər verir ki, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov deyib.

2018-ci il iyunun 5-də Bakıda velosiped idmanının BMX növü üzrə start götürəcək dünya çempionatı ilə əlaqədar BMX Veloparkında təşkil olunmuş Dünya Sınaq Yarışından sonra sualları cavablandıran federasiya rəsmisi bildirib ki, bu test yarışının həm stadion, həm də digər məsələlərin sınaqdan keçirilməsi üçün çox böyük əhəmiyyəti var: “Çempionat 2018-ci il iyunun 9-dək bu məkanda keçiriləcək. Bizim stadion 2015-ci ildə istifadəyə verilib. Ancaq ötən il Beynəlxalq Velosipedçilər İttifaqı standartları dəyişdi. Stadionun eni və uzunluğu, həm də maneələrin hündürlüyü artırıldı. Bu üzdən BMX Trekini söküb yenidən tikməli olduq. Bu gün həm velosipedçilərin, həm də mütəxəssislərin rəyi belədi ki, stadion birmənalı şəkildə dünya çempionatını qəbul etməyə hazırdır”.

Bu növdə Azərbaycan idmançılarının iştirak etməməsinə toxunan S.Ələkbərov deyib ki, boşluğu aradan qaldırmaq üçün əcnəbi velosipedçilər milliləşdirilməyəcək. O, azərbaycanlı idmançıya üstünlük verəcəklərini söyləyib: “Yaponiya, Fransa, Almaniya, İtaliya kimi nəhəng ölkələrin velosipedçiləri test yarışında iştirak etdi. Xüsusən fransız idmançılar çox güclü idi. Buna qədər isə Baltikyanı ölkələrdən titullu velosipedçiləri dəvət etmişdik. Onlar stadionu testdən keçirmiş, irad və təkliflərini bildirmişdilər. Düşünürəm ki, dünya çempionatınadək bizim idmançılar da hazır olacaq".

Vitse-prezident BMX növü üzrə təşkil olunacaq dünya çempionatı zamanı azarkeşlərin marağını nəzərə alaraq tribunaların quraşdırılacağını deyib. Onun sözlərinə görə, stadionun hər iki tərəfində 3000-3500 yerlik oturacaqlar quraşdırılacaq: “Həqiqətən, BMX çox tamaşaçı cəlb edən idman növlərindən biridir. Biz estafeti Amerikadan qəbul etmişik. 2019-cu ildə dünya çempionatı yenidən ABŞ-da keçiriləcək. Maraqlı burasındadır ki, Azərbaycan belə bir ölkə ilə yanaşı bu məsul yarışı keçirir. Bu il dünya çempionatı Cənubi Korolina ştatının Rok Hill şəhərində keçirildi və yarışa 3750 iştirakçı qatılmışdı. Rok Hilldə cəmi 30 minə yaxın insan yaşayır. Ancaq ora 40 mindən çox tamaşaçı gəlmişdi. Biz də azarkeşlərin sayının çox olacağını düşünürük. Ona görə də stadionun hər iki tərəfində 3000-3500 yerlik oturacaqlar quraşdırılacaq. Artıq məsələ həllini tapıb. Texniki və digər məsələləri həll etmişik. Bizdə də bu yarış yüksək səviyyədə keçiriləcək. Bu, əsl idman bayramına çevrilməlidir. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Son xəbərlər

Orphus sistemi