Rüstəm Qasımov rekordu yeniləyərək ağır atletika üzrə Avropa çempionu olub

Rüstəm Qasımov rekordu yeniləyərək ağır atletika üzrə Avropa çempionu olub Ardıcıl olaraq 92, 96 və 100 kq-ı ram edən atletimiz bu hərəkətdə Avropanın ən yaxşısı olub
Fərdi
24 Sentyabr , 2017 18:10
Rüstəm Qasımov rekordu yeniləyərək ağır atletika üzrə Avropa çempionu olub

Bakı. 24 sentyabr. REPORT.AZ/ Kosovonun paytaxtı Priştina şəhərində 22 sentyabr tarixində start götürən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından "Report"a verilən məlumata görə, yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizə aparır.

Bu gün iki Azərbaycan atleti – Murad Əliyev və Rüstəm Qasımov da körpücük üzərinə çıxıb. Onların hər ikisi 15 yaşlı atletlərin 56 kq çəki dərəcəsində medal mübarizəsinə qoşulublar.

Murad Əliyev birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğursuz başa vuraraq bu hərəkəti sıfır nəticə ilə bitirib. O, təkanla qaldırma hərəkətində 105 kq-ı ram etməyi bacarıb və bu hərəkətdə 9-cu olub.

Rüstəm Qasımov isə birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib. Ardıcıl olaraq 92, 96 və 100 kq-ı ram edən atletimiz bu hərəkətdə Avropanın ən yaxşısı olub. Üstəlik, 100 kq-ı başı üzərinə qaldırmaqla birdən qaldırma hərəkətində türkiyəli Toptaş Caner məxsus olan Avropa rekordunu (99 kq) yeniləməyi bacarııb.

Rüstəm təkanla qaldırma hərəkətində də möhtəşəm çıxış edib. Qasımov növbə ilə 112, 118 və 121 kq-ı başı üzərinə qaldırmaqla bu hərəkətdə Avropada hamıdan yaxşı olduğunu sübut edib.

Toplamda 221 kq (100+121) nəticə əldə edən Rüstəm Qasımov yeniyetmələr arasında Avropa birinciliyinin qalibi adını qazanıb.

Son xəbərlər

Orphus sistemi