Rüstəm Hüseynov: "Federasiya kimi qeydiyyata alınmamağımız bizə zərər vurur"

Rüstəm Hüseynov: "Federasiya kimi qeydiyyata alınmamağımız bizə zərər vurur" "Hazırda skeytbordinq federasiyaları Qazaxıstan, Gürcüstan və Ermənistanda var, amma bizdə indiyədək yoxdur. Halbuki bizdə olanda onlarda yox idi. Çox gülünc vəziyyətdir"
Fərdi
2 Aprel , 2022 14:32
Rüstəm Hüseynov: Federasiya kimi qeydiyyata alınmamağımız bizə zərər vurur

Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk dəfə idmançılar skeytbordinq adlı idman növü üzrə də mübarizə aparıblar. Olimpiadada debüt edən bu yarış Paris-2024 və Los Anceles-2028-in də proqramında yer alacaq.

Skeytbordinq - ekstremal idman növüdür və skeytbordda müxtəlif hərəkətləri özündə cəmləşdirib. Hazırda Azərbaycanda federasiyaların strukturlaşma prosesi getməkdədir. Bu məqsədlə hesabat-seçki konfransları keçirilir, həmin qurumların prezidentləri dəyişdirilir və ya növbəti müddətə seçilirlər.

Xüsusən Bakıda kifayət qədər kütləvi olan skeytbordinq və roller növləri üzrə isə hələlik rəsmi qeydiyyatdan keçən federasiya yoxdur. Əvəzində "Roller club" fəaliyyət göstərir. Klubun prezidenti Rüstəm Hüseynov "Report"a müsahibəsində Azərbaycan Skeytbordinq və Roller Federasiyası kimi beynəlxalq qurumlara üzv qəbul edilmələrinə baxmayaraq, Azərbaycanda qeydiyyata alına bilməmələrindən, keçirdikləri tədbirlərdən və üzləşdikləri çətinliklərdən danışıb...

- Niyə federasiya yox, klub kimi fəaliyyət göstərirsiniz?

- Hələlik klub şəklində fəaliyyət göstəririk. Düzdür, hamı elə bilir ki, biz federasiyayıq. Çünki işə başlayanda bu cür fəaliyyət göstərmək istəyirdik. Amma sonra qeydiyyatla bağlı çətinliklər oldu. Məcbur olub klub kimi işləməyə başladıq. Federasiyaya doğru getməkdən ötrü dövlət dəstəyi lazım idi. Buna baxmayaraq, hazırda bizim üçün əsas məsələ - fəaliyyətdir.

- Federasiyanı qeydiyyata aldırmaq üçün ən azı təsis konfransı keçirilməlidir. İdarə heyəti, təsisçiləri olmalıdır...

- Bəli, müəyyən proseslər olmalıdır. Biz buna hazırıq. Vaxtilə bu işlər görülmüşdü. Amma müəyyən səbəblərə görə həyata keçirə bilmədik.

- Sənədləri hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etdiniz, amma qeydə alınmadı?

- Bəli, bir az çətinliklər var idi. Bu məsələdə çox dərinə getmək istəmirəm. Onu vurğulamaq istəyirəm ki, bizim üçün ilk növbədə, fəaliyyət durur. Buna görə federasiya ilə bağlı işləri görürük. Çalışırıq ki, lazımi strukturları quraq. Skeytbordinq və roller növlərini inkişaf etdirmək istəyirik. Hazırda bunun üzərində işləyirik.

- Artıq əksər federasiyaların yenidən qurulma prosesi gedir, hesabat-seçki konfransları keçirilir. Siz də bu işlərə hazırlaşırsınızmı?

- Gücümüz çatan işlərə hazırıq. Buraya hesabat-seçki konfransının keçirilməsi də aiddir. Digər federasiyalara baxanda fəaliyyətimiz, müəyyən səbəblərdən, o qədər də güclü deyil. Bilirsiniz, çox şey maliyyə ilə bağlıdır. Biz büdcəmizə uyğun yarışlar keçirməyə və idmançılarımızı saxlamağa çalışırıq. Yeni təyin olunmuş gənclər və idman naziri Fərid Qayıbov bu və digər müasir idman növlərinə böyük maraq göstərir və hər birinin inkişafında maraqlıdır. Nazir müavini Mariana Vasileva ilə də görüşmüşük, hazırda da əlaqədəyik. Əvvəlki dövrə baxanda işlər bir az sürətlənib, müvafiq tapşırıqlar da verilib. Proses davam edir.

- Nazirliyin klubun federasiyaya çevirilməsi sarıdan çətinliklərinin olmasından xəbəri var?

- Bəli, müraciət etmişik. Xəbərləri var. Bu yaxınlarda dəyişiklik olacaq.

- Sizi dəyişəcəklər, yoxsa necə?

- (Gülür). Fərq etməz. Hər şey ola bilər. Hələ heç nə bəlli deyil. Əsas odur ki, bu idman növü inkişaf etsin. Bu işi idarə etmək baxımından funksional imkanlarımız da var. Artıq 20 ildir bu işlə məşğulam. Struktur baxımından nə isə edə bilərik. Bacardığımız qədər bu idmanı ayaqda saxlamışıq, yeni idmançılar yetişdiririk. Artıq 3-cü, 4-cü nəsildir ki, dəyişir.

- Klubunuz neçə idmançıdan ibarətdir?

- Hər dəfə say dəyişilir. Maliyyə çətinliyinə görə idmançıları daimi saxlaya bilmirik ki, yarışlara gedərək, nailiyyətlər əldə etsinlər. Bazamız da yoxdur ki, hansısa proqram üzrə məşqlərimizi davam etdirək. Düzdür, bu, küçə idman növüdür. Bütün dünyada skeytbordçular, rollerçilər şəhər şəraitində küçələrdə məşq edirlər. Amma bağlı meydançalar var ki, inkişafa təkan ola bilər. Bizim də istəyimiz bu cür bağlı məkanlarda məşq yerlərimizin olmasıdır. Hər şey buna bağlıdır.

- Rollerin bir neçə növü var. Bunlardan məhz hansını inkişaf etdirməyi qarşınıza məqsəd qoymusunuz?

- Klubumuz 2001-ci ildə yaradılıb. Növbəti il 2 fevral - Gənclər Günü ilə bağlı tədbir keçirmişdik. Onda mən "Ümidli gələcək" gənclər təşkilatının üzvü idim. Orada bütün universitetlərdən gənclər var idi. Mən də idman tərəfdən təşkilatın üzvü idim. Qərara gəldik ki, bu idman növü üzrə yarış keçirək və inkişaf etdirməyə çalışaq. Gənclər və İdman Nazirliyi bu təşəbbüsü çox gözəl qarşıladı və bizə deyildi ki, Gənclər Günündə bunu ilk dəfə nümayiş etdirə bilərik. Avadanlıq hazırladıq və dənizkənarı bulvarda bu tədbiri keçirdik. Keçmiş nazir Əbülfəs Qarayev də gəlib öz xeyir-duasını verdi. O vaxtdan 2 fevral - Azərbaycanda roller və skeytbordinqin doğum günü kimi qeyd olunur. Bundan sonra daimi yarışlarımızı təşkil etmişik. Yarışların keçirilməsində bizə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, şəxsən Baş İdarə rəisi Raqif Abbasov dəstək verib.

- 20 il az müddət deyil. İndiyədək hansı beynəlxalq nailiyyətlər əldə etmisiniz?

- Bir neçə dəfə klub kimi beynəlxalq turnirlərə getmişik. Roller üzrə Gürcüstanın açıq birinciliyinə 2 idmançı ilə yollanmışdıq. Onlar öz yaş kateqoriyaları üzrə sürətli qaçış növündə 2-ci yeri tutmuşdular. Həmin yarışda bizdən başqa, yalnız yerli idmançılar iştirak edirdi. Ötən ilin dekabrında Rusiyanın Nijni-Novqorod şəhərində skeytbordinq üzrə açıq birincilik oldu. Bizi də dəvət etmişdilər. Nəticələr yaxşı olmasa da, orada iştirak etdik. Həmçinin 2012-ci ildə 3 idmançını Gürcüstana snoubordinq üzrə beynəlxalq yarışa aparmışdıq. Çünki bu idman növü skeytbordinqlə oxşardır. Həmin vaxt Milli Olimpiya Komitəsi və Gürcüstan Snoubordinq Federasiyası bizə kömək etmişdi. Göstərmək istəyirdik ki, bizim idmançılar qış idman növü üçün də yarayır. Çünki rollerlər konki sürməyi də bacarırlar. Gürcüstanda 18 ölkə arasında ilk dəfə təsnifat mərhələsini adladıq. Azərbaycanda qış idman növləri üzrə idmançıların yetişməsi üçün də şərait var. Bundan sonra demək olar ki, beynəlxalq turnirlərə gedə bilmədik. Çünki bizə maliyyə vəsaiti ilə yanaşı, məşq yerləri də lazım idi. Turist kimi gedib-gəlməyin mənası yox idi.

- Yeri gəlmişkən, Qış İdman Növləri Federasiyasında rəhbərlik dəyişib. Yeni rəhbərlik bu idman növünün inkişafı üçün snoubordinqdə daha çox diqqət ayıra, uşaqlardan istifadə edə bilər...

- Əlbəttə. 2012-ci ildə yarışlara getməkdə də məqsədimiz bu idi. Snoubordinq Soçi-2014-dən etibarən Qış Olimpiya Oyunlarının proqramına salınsa da, skeytbordinq proqramda yox idi.

- Həmin vaxtdan artıq 10 il keçib. Orada iştirak edənlər uşaqlar indi də bu idman növü üçün istifadə oluna bilər?

- Xeyr, artıq yeni nəsil gəlir. Ehtiyac olsa, snoubordinq üçün idmançı verə bilərik.

- Bayaq qeyd etdiniz ki, beynəlxalq turnirlərə yaxşı hazırlaşmaq üçün maliyyə vəsaiti ilə yanaşı, məşq yerləri də lazımdır. Elə isə idmançılarınız harada hazırlaşırlar?

- Küçədə özləri sürür və məşq edirlər. Hazırda "Skate School Baku" adlı məktəbimiz fəaliyyət göstərir. Məşqləri müxtəlif parklarda edirik.

- Bu idman növünə sanki daha çox uşaqlar, orta məktəb şagirdləri maraq göstərirlər...

- Bəli. Çünki yeni idman növüdür. Lakin o qədər böyük maraq var ki... Düzdür, ilk beynəlxalq federasiya 1924-cü ildə yaradılıb. 1962-ci ildə isə artıq formalaşmışdı və bir neçə növ üzrə yarışlar keçirilirdi. O vaxt qurumun adı Beynəlxalq Roller Federasiyası (Fédération Internationale de Roller Sports) idi. Lakin skeytbordinqin olimpiya proqramına salınmasından sonra federasiya adını dəyişdi və Dünya Skeytinqi (World Skate) oldu. Halbuki skeytbordinqin özü də Avropa və Amerikada inkişaf edirdi. Amma World Skate dünyada nüfuzlu qurum olduğundan, skeytbordinqi də olimpiya proqramına salmağa nail oldu. Bundan sonra qurumun daxilində yeni struktur yarandı. Biz 2002-ci ildən bu qurumun üzvüyük.

- Federasiya yoxdursa, üzvlük necə ola bilər?

- Burada başqa məqamlar var. Əslində qeydiyyatdan keçmək üçün lazımi sənədləri vermişdik. Amma bu, bizdən asılı olmayan müəyyən səbəblərdən baş tutmadı. Ona görə klub kimi fəaliyyət göstərməyi qərara aldıq. Həmin ərəfədə beynəlxalq federasiyaya müraciət etmişdik. Onlar bizi üzvlüyə qəbul etdilər.

- Ölkədə qeydiyyatınız olmadığı halda, beynəlxalq federasiya bunu necə etdi?

- Biz yazmışdıq ki, bu işlərə başlamışıq. Ona görə müvəqqəti üzv kimi qəbul olunduq. Bu gündək orada qalırıq. Federasiyanın dövlət qeydiyyatına alınması üçün Gənclər və İdman Nazirliyində məsələ qaldırmışıq, hazırda danışıqlar gedir. Bilirəm ki, nazirlik standartlara cavab verən meydança tikmək istəyir.

- Meydançadan söz düşmüşkən, bu, digərlərindən nə ilə fərqlənir?

- Skeytbordinq meydançası xüsusi qurğularla təchiz olunmuş yerdir. Yarış keçirmək üçün meydançanın layihəsini beynəlxalq federasiyadan almalıyıq. Standartları onlar təsdiqləyir. Azərbaycan sabah hansısa beynəlxalq turnir keçirmək istəsə, beynəlxalq standartlara uyğun meydança olmalıdır. Digər formada istənilən dizaynlı meydança inşa edə bilərik. Lakin bu, standartlara uyğun olmaya bilər.

- Burada əsas meydançanın ölçüləridir?

- Ölçü ilə yanaşı, fiqurların sayı və digər amillər də vacibdir. Skeytbordinqdə sosial və idman üçün nəzərdə tutulan meydançalar olur.

- Bu baxımdan, Bakıda lazımi infrastruktur varmı?

- Xeyr. Fəaliyyətimizin ilk 10 ilində bundan ötrü Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə üz tutmuşdum. Son 10 ildə isə artıq müraciət etmirəm. Çünki aldığım cavablar məni buna vadar edir (gülür). Dediklərinə görə, belə bir şərait olmayıb. Görünür, keçmiş şəhər rəhbərliyi bu işdə maraqlı deyildi.

- Bəs indiki?

- O vaxt müraciət edəndə bizə "yox" cavabı gəlirdisə, sonra şəhərin bir neçə yerində özləri bu cür skeyt-parklar tikdilər. Məsələn, Binəqədi rayonunda var. Bu yaxınlarda orada məktəblilər arasında tədbir keçirdik. Hava şəraiti imkan vermədiyindən, məşq xarakterli bir şey oldu. Birinci dəfə üçün pis alınmadı və uşaqları bu idman növünə cəlb etdik. Qış Parkında da meydança var. Yəni, proses gedir. Lakin bizimlə məsləhətləşmirlər. Haradasa şəkilləri görüblər və istəyirlər ki, Azərbaycanda da bu cür meydançalar olsun. Bilmirlər ki, bunu daha düzgün formada etmək üçün heç olmasa, bizimlə məsləhətləşməlidirlər. Soruşsaydılar, köməklik edər, müvafiq layihələr seçərdik. Hamısı yarımçıq tikililərdir. Həm də düzgün tikmirlər, bucaqlar səhvdir. Çünki bunu edənlər adi tikinti ilə məşğul olanlardır. Bu işin də öz incəlikləri mövcuddur. Vizual olaraq, fiqur var. Lakin üstündə istədiyin hərəkəti etmək olmur, məhdudiyyət yaradır.

- Belə təsəvvür yaranır ki, bu, küçə idman növü olduğu üçün bir qədər riskli hesab edilir...

- "Küçə" sözü pis səslənə bilər. Amma elə deyil. Hər gün küçə ilə gəzirik, uşaqlarımız küçələrdə böyüyür. Bəli, deyə bilərik ki, skeytbordinq ekstremal idman növlərinə aiddir. Amma digər növlərə baxanda burada o qədər də zədə yoxdur. Bilirsiniz ki, boksu çoxsaylı zədələrə görə olimpiadanın proqramından çıxarmaq istəyirlər. Üstəlik, bizdə qoruyucu vasitələr var.

- Bu idman növündə havada fırlanma hərəkətləri var. Ümumiyyətlə, bunu hamı bacarır?

- Bəli, belə bir hərəkət var. Amma təbii ki, hamı bacara bilməz. Seytbordinqdə bəlkə də 40-dan çox hərəkət var. Bunların çətinliyinə əsasən, idmançıya qiymət verilir. Havada salto vurmaq mütləq deyil. Müasir skeytbordinqdə bu hərəkət o qədər də istifadə olunmur. Məsələn, olimpiya növündə iki - park və küçə hərəkətləri var. Onların meydançaları fərqlidir. Park meydançası çimərlik hovuzu kimi olmalıdır. Yəni, kənarları bağlı olur. Sadəcə, orada idmançıların sürüşməməsi üçün bucaqlar yoxdur. Digərində isə meydança küçəyə bənzəyir. Müxtəlif maneələr, pilləkənlər və fiqurlar var.

- Skeytbordinq tamaşaçı cəlb edən idman növüdür...

- Bəli. Ona görə olimpiya proqramına salınıb. Meydançada elə fiqurlar yaradırlar ki, idmançı öz bacarığını göstərə bilsin. Yarış vaxtı 45 - 60 saniyədir. Bu müddət ərzində öz bacarığını nümayiş etdirirsən və ona uyğun xal verilir. Meydançalar eyni olsa da. hərəkətlər müxtəlifdir.

- Hərəkətlər bədii gimnastikadakı kimidir?

- Bəli, hərə öz proqramı ilə çıxış edir. Proqram müddəti isə yarışın təşkilatçılarından asılı olaraq, 45 və 60 saniyə olur.

- Burada həmin meydançaları qurmaq üçün xaricdən mütəxəssis gəlməlidir?

- Bəli, mütləq peşəkar yanaşma lazımdır. Adi qaydada tikilsə. yararsız olacaq. Bunu edirlərsə, düzgün qaydada etsinlər ki, uşaqlar da yararlana bilsinlər. Divanı düzəldirsənsə, onun üstündə kimsə oturmalıdır. Oturan yoxdursa, nəyə lazımdır?

- Azərbaycana yaxın ölkələrin hansında bu idman növü daha çox inkişaf edib?

- Biz bu işə başlayanda təkcə Rusiya, Belarus və Ukraynada var idi. Amma artıq bizi ötüb keçiblər. Hazırda skeytbordinq federasiyaları Qazaxıstan, Gürcüstan və Ermənistanda var, amma bizdə indiyədək yoxdur. Halbuki bizdə olanda onlarda yox idi. Çox gülünc vəziyyətdir. Struktur probleminə görə çox geri düşdük. O vaxtdan deyirdim ki, bu, olimpiya idman növü olacaq. Ona görə də hazırlaşmaq, idmançı yetişdirmək lazımdır. Amma fikir verən olmadı.

- Gələcək planlar barədə nə deyə bilərsiniz?

- Yaxın bir ay ərzində şəhər birinciliyi keçirməliyik. Çalışırıq ki, məşq yerlərimiz olsun, qrup şəklində hazırlaşaq. Nazirliyin də dəstəyi var. Hansısa formada iş gedəcək.

- İdmançılar arasında perspektivliləri varmı?

- Var, amma idmançı yarışlarda üzə çıxır. Gərək, üzərində işləyəsən, maraq yaradasan. Hər şey təşkilatçılıqla bağlıdır. Federasiyanın qeydiyyata alınmaması bizə zərər vurur. Normal şəkildə maliyyə cəlb edə bilmirik.

- Bu idman növündə qazanc imkanları necədir?

- Ümumilikdə qazanc mümkündür. Çünki avadanlıqların satışından gəlir götürmək olar. Attraksion kimi bir şeydir. Əslində "Dəniz Mall"da park var. Amma bir qədər yaxşı tikilməyib. Uşaqlar sürürlər, xoşlarına gəlmir. Bucaqları düz deyil.

- Hazırda skeytbordinq və rollerlə ümumilikdə neçə nəfər məşğul olur?

- Say çoxdur. Hər rayonun parkında 20-30 nəfər skeyt sürür. Onların bəzilərini yarışlara dəvət edirik. Skeyt və roller sürmək tamam fərqlidir. Gəlirlər, baxırlar, xoşlarına gəlir. Amma hərəkətlər çətin olduğu üçün çəkinirlər. Elə olur ki, həvəslənirlər və yarışlara bir ildən sonra qatılırlar. Yarışları keçirməkdə məqsədimiz odur ki, uşaqlar həvəsdən düşməsinlər və bunu atmasınlar. Daimi məşq etsinlər ki, bizdə də hansısa imkan yaransa, bunlar hazır idmançı olsunlar. Yarışdan-yarışa nəticələr yaxşılaşır. Bu idman növündə qızlar da var. Amma sayları azdır.

- Bəs yaş məhdudiyəti var? Yəqin ki, 30 yaşdan sonra məşğul olmaq fiziki cəhətdən çətinləşir...

- Skeytbordinq ilk dəfə Tokio-2020 Yay Olimpiya Oyunlarında yer aldı. Hələ hər şey yerinə oturmayıb. Fiziki güc müəyyən yaşadək bəzi hərəkətləri etməyə imkan verir. Məhdudiyyət olmasa da, insan bədəni yaş ötdükcə bəzi hərəkətləri edə bilmir. Olimpiadada qadınların yarışında 12 yaşlı yaponiyalı Kokona Hiraki gümüş, 13 yaşlı böyük britaniyalı Skay Braun bürünc medal qazandı.

- Onda belə çıxır ki, daha tez başlamaq olar?

- Bəli, bu idman növünün yaşı çox cavanlaşıb.

- Bəs ən yaşlı idmançının neçə yaşı var?

- Dəqiq bilmirəm, amma 30 olar.

Kokona Hiraki
Kokona Hiraki

- 12 yaşlı yeniyetmə 30 yaşlı idmançıya qarşı yarışır...

- Bu, qızlarda belə oldu. Amerika və Avropada skeytbordinq üzrə peşəkar liqalar (SLS) var. Orada pullu yarışlar keçirilir və çox populyardır. ESPN kimi məşhur telekanallar həmin yarışları işıqlandırmaq üçün təşkilatçılara pul verir. Xaricdə bu idman növü özünə auditoriya toplaya bilir. Braziliyalılar, yaponiyalılar çox güclüdürlər. Olimpiada çox şeyi dəyişəcək. Əvvəllər bu idman növü salto vurmağa doğru yönəlmişdi. Uzun rampalar düzəldirdilər, önə və arxaya gedirdin. Orada havada hərəkətlərə daha çox xal verilirdi. Lakin sonra dəyişiklik baş verdi və küçə meydançaları populyarlaşdı. Transformasiya gedir və olimpiada buna daha çox təsir edir. Artıq idmançılara xallar verilir. Əvvəllər pullu turnirlər idi və orada uşaqları görmək olmazdı. Çünki həmin hərəkətləri yaşa dolmuş insanlar etməli idi. Meydançanın forması isə idmanın strukturunu və texnikasını dəyişdirdi.

- Bu idman növünü klub formasında inkişaf etdirmək mümkün deyil?

- İstənilən idman növünü klub kimi inkişaf etdirmək qeyri-mümkündür. Komanda idman növləri başqadır. Fərdi idman növlərinin inkişafı üçün təşkilat olmalıdır. Ortalığa ölkənin adı və bayrağı çıxacaq, axı...

Son xəbərlər

Orphus sistemi